Əfqan diplomat: “Hərbi planda Azərbaycan Ermənistandan daha güclüdür”

2017/11/center-lev-gumilyov-afghanistan08-(1)_1510125159_3020294648.jpg
Oxunub: 534     21:16     08 Noyabr 2017    
Ordu.az Əfqanıstan Araşdırmaları Mərkəzinin (Frankfurt) direktoru, Əfqanıstanın Qazaxıstan və Qırğızıstandakı keçmiş səfiri Əziz Ərianfarla müsahibəni təqdim edir.

- Əfqanıstanda Azərbaycanla əməkdaşlığı necə qiymətləndirirlər və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə nə düşünürlər?

- Kabildə Bakı ilə əməkdaşlığı müsbət qiymətləndirir və Əfqanıstan-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsini dəstəkləyirlər. Qarabağ münaqişəsinə gəlincə isə, Əfqanıstan Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi çərçivəsində tənzimlənməlidir.

Lakin, bu məsələdə başqa nüanslar da var. Azərbaycan müsəlman ölkəsidir, bizim ölkələrimiz din, mədəniyyət və dil baxımından çox yaxındırlar. Ermənistanla isə, Əfqanıstan ümumi heç nəyə malik deyil: nə iqtisadi, nə mədəni, nə də tarixi əlaqələrimiz yoxdur. Ermənilərlə biz tamamilə fərqli xalqlarıq. Ermənistan hərbi münaqişəni Rusiyanın sanskiyası olmadan başlaya bilməz, Azərbaycan isə sülhsevər ölkədir və çox güclü silahlara malik olmasına baxmayaraq, münaqişənin hərbi yolla həll edilməsinə can atmır.


- İrəvan yeni müdafiə kreditinə dair razılıq imzalayıb və bu razılıq çərçivəsində Rusiya Ermənistana öz istehsalı olan hərbi texnikanın əldə olunması üçü 100 milyon dollar civarında kredit ayıracaq. İrəvan Bakı ilə müharibəyə hazırlaşır?

- Düşünmürəm ki, Ermənistana silah alınması üçün ayrılan 100 milyon dollar kredit İrəvanın münaqişə zonasında hərbi fəaliyyətə başlamaq üçün əllərini aça bilər. Dağlıq Qarabağda münaqaqişənin eskalyasiyası halında, bu vəziyyət uzunmüddətli xarakter ala bilər. Əminəm ki, Azərbaycan konstruktiv siyasəti davam etdirərək Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini tapması variantı üzərində dayanacaq. Zənnimcə, hərbi münaqişə heç bir nəticə verməyəcək. Çünki vəziyyət qəlizləşəcək və münaqişəyə regional və regiondankənar oyunçular müdaxilə etməyə başlayacaq.

Bildiyiniz kimi, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, Rusiya ilə ikitərəfli hərbi əməkdaşlığa malikdir, Ermənistan ərazisində Rusiya hərbi bazası yerləşir. Və təbii ki, hər iki tərəf arasında olan danışıqlar çərçivəsində silah tədarükü məsələləri də olacaq. Hər şeydən öncə, burada söhbət Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki modernləşdirilməsindən gedir. Lakin bu heç bir halda qüvvələr balansını Ermənistanın xeyrinə dəyişməyəcək, çünki Azərbaycan hərbi planda yetərincə güclü dövlətdir.


- BMT Təhlükəsizlik Şurasının Qarabağa dair 4 qətnaməsi mövcuddur, lakin Ermənistan onları hələ də yerinə yetirməyib. Niyə BMT İrəvanı bu qətnamələri yerinə yetirməyə vadar etmir?

- BMT Ermənistan ərazisində Rusiya qoşunlarının yerləşməsindən, Qarabağ münaqişəsinin keçmiş Sovet İttifaqının mirası olduğundan, Ermənistanın Rusiyanın təsir dairəsinə daxil olmasından xəbərdardır. Buna görə də, Ermənistana təsir etmirlər. Dağlıq Qarabağ münaqişəsindən başqa keçmiş SSRİ ərazisində xeyli sayda münaqişələr mövcuddur. Və bütün bu münaqişələri sülh yolu ilə həll etmək lazımdır. Ümid edirəm ki, Qarabağ problemi həllini tapar.

Avropada da ərazi uğrunda mübaribələr olub, lakin artıq bu, keçmişdə qalıb. Məsələn, Almaniya və Fransa daha ərazi məsələsinə görə mübahisə etmirlər, çünki Avropa İttifaqının yaradılmasından sonra ortaq maraqlar yarandı. Hazırda həmin regionun demək olar ki, bütün ölkələri Avropa İttifaqı mövqeyindən çıxış edirlər. Prespektivdə Qarabağ probleminin və digər regional münaqişələrin həll edilməsi və tənzimlənməsi üçün Türkiyə və İranın iştirakı ilə Qafqaz Ölkələri Avropa İttifaqına bənzər yeni struktur yaratmaq məcburiyyətində qalacaqlar. Mümkündür ki, İran, Rusiya, Azərbaycan və Ermənistan bu çıxılmaz vəziyyətdən həll yolu tapa bilərlər. Sadəcə olaraq bunun üçün zaman ehtiyac var. Və müvafiq olaraq, səbrli olmaq lazımdır.

Qarabağ münaqişəsində həm regional, həm də regional olmayan oyunçuların maraqları toqquşur. Odur ki, bu problem hələ də həll yolunu tapmayıb. Belə münaqişələr gec həll olunur – danışıqlar aparılır, güzəştlər edilir.

- BMT Təhlükəsizlik Şurasının qətnamələrinə qayıtmaq istərdim. Yerinə yetirilməyən qətnamələri qəbul etməyin nə mənası var?

- Əgər bu və ya digər ölkə müvafiq qətnamənin qəbul edilməsi üçün müraciət edirsə, BMT-nin Təhlükəsizlik Şurası həmin məsələni müzakirə etmək məcburiyyətindədir. BMT qətnamələri qəbul edir, lakin onların həyata keçirilməsi mexanizmi mövcud deyil. İşğalçı ölkəni bu və ya digər qətnaməni yerinə yetirməyə məcbur etmək üçün hər hansı real vasitə yoxdur. Qətnamələrin realizəsi güc dövlətlərinin bu məsələdə maraqlı olması ilə bağlıdır.


Səmimi olsaq, BMT sözdə mövcud olan təşkilatdır. Və mən deyərdim ki, hələ də hamısı sağ olan bəzi insanların gözləri önündə yaradılan gənc təşkilatdır. BMT əsasən ABŞ və İngiltərənin təsir dairəsindədir, digər ölkələr isə bu təşkilatda əhəmiyyətli təsir gücünə malik deyil. BMT-nin qərargahı ABŞ-da yerləşdiyindən amerikalıların bu struktura təsiri digər güc ölkələri ilə müqayisədə daha çoxdur.

- Belə olan halda, amerikalılar BMT-nin əli ilə Ermənistanı qətnamələri yerinə yetirməyə məcbur edə bilərlər...

- Ermənistan Rusiyanın təsir dairəsinə daxil olduğundan, ABŞ İrəvana BMT-nin əli ilə təsir edə bilmir. Hərçənd əgər bu məsələ onların maraqlarına uyğun olarsa, amerikalılar bunu edə bilərlər. Ancaq hazırda onlara əlavə baş ağrısı lazım deyil.

- Əgər BMT təcavüzkarlığın qurbanı olan dövlətlərin ümidlərini doğrultmursa, bu təşkilatla necə davranmaq lazımdır?

- Birmənalı olaraq BMT-də islahatlar keçirmək lazımdır. Hindistan və Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə çevrilməlidirlər. Latın Amerikası ölkələri də bunu istəyir. Lakin amerikalılar buna getməzlər. Belə ki, hazırda vəziyyət onların xeyrinə inkişaf etmir. Güc dövlətləri – Rusiya və Çin – BMT-də islahatlar keçirməyə cəhd edəcəklər. Bunun necə və nə zaman baş verəcəyi isə vaxt məsələsidir.

Seymur Məmmədov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Qarabağ   Əfqanıstan  


Bizi "telegram"da izləyin