Gürcüstan Müdafiə Nazirliyinin keçmiş müşaviri: “Azərbaycan ordusu regionda ən yüksək döyüş hazırlığı olan ordudur”

2017/11/maxresdefault4545_7549946335.jpg
Oxunub: 621     01:30     07 Noyabr 2017    
Ordu.az Gürcüstan Müdafiə Nazirliyinin Baş Strateji Kəşfiyyat İdarəsinin müşaviri (1998-2001-ci illərdə), Gürcüstanın NATO nəznində fəaliyyət göstərən qərargahının hərbi-siyasi məsələlər üzrə diplomatik missiyasının keçmiş müşaviri (2004-2008), siyasi və hərbi elmlər doktoru, Siyasi Elmlər Assosiasiyasının (Polşa Respublikası) və Mərkəzi Avropa Strateji Təhqiqat və Analiz İnstitutunun üzvü, Gürcüstan Texniki Universitetinin professoru Vaxtanq Maisaya ilə müsahibəni təqdim edir.

- Bu yaxınlarda Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin üçtərəfli görüşü baş tutub. Üçtərəfli formatda hərbi əməliyyatları necə qiymətləndirirsiniz?

- Azərbaycan və Türkiyənin müdafiə nazirlərinin Gürcüstana səfəri üçtərəfli format kontekstində - Gürcüstan - Türkiyə - Azərbaycan – hər üç ölkənin Cənubi Qafqazda regional təhlükəsizliyinin yeni modelini inkişaf etdirmək, Xəzər dənizinin enerji daşıyıcılarının beynəlxalq bazara davamlı çatdırılmasına dair böhran vəziyyətində olan infrastrukturun enerji təhlükəsizliyi səviyyəsinin yüksəltmək faktının nümayişidir. Söhbət, Bakı-Tiflis-Supsa, Bakı-Tiflis-Ərzurum və Bakı-Tiflis-Ceyhan layihələrindən gedir. Tərəflər beynəlxalq terrorizmin sülhə və regionda stabillliyə mənfi təsirini qeyd ediblər. Ölkələrimiz, Azərbaycanın olduğu kimi, Gürcüstanın da milli təhlükəsizliyinə təhlükə törədən beynəlxalq terrorizmə qarşı mübarizəni gücləndirməlidirlər.


- Tiflis Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsinin həllini nədə görürsünüz?

- Bəli, siz təmamilə haqlısınız. Gürcüstan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcək. Gürcüstanın da, Azərbaycanın da dövlət suverenliyi və ərazi bütövlüyü kontekstində ümumi geopolitik problemləri var.

Qarabağ münaqişəsinin həllinə gəldikdə isə, məncə, qarşı tərəflər arasında münasibətlərin təhlükəli geostrateji fonuna baxmayaraq yaxın gələcəkdə 2016-cı ilin aprelində baş verən eskalasiya və münaqişənin təkrar olunacağını gözləmək lazım deyil. Düşünürəm ki, Dağlıq Qarabağda hələ də qarşıdurma ocaqlarının alışmasına baxmayaraq, vəziyyət bu mərhələdə bir qədər stabilləşib.


Münaqişə tərəfləri, o cümlədən regional və qlobal güc nəhəngləri Azərbaycanla Ermənistan arasında mövcud olan münaqişənin nəticələrini təxmin edə bilməyən və faciəli tələfatlara səbəb ola biləcək, Avrasiya, eləcə də Avropa Atlantik təhlükəsizliyi çərçivəsində geostrateji nəticələrə səbəb olacaq regional müharibəyə çevrilməsinin mümkünlüyünü dərk edirlər.

- Azərbaycan ordusunun döyüş hazırlığını necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycan ordusu ölkənizin regional güc nəhənginə (və yalnız energetik resurslar sayəsində deyil) çevrilməsində bilavasitə böyük rola malikdir. Azərbaycan Silahlı Qüvvələri öz arsenalında həm xarici, həm də milli istehsal olan müasir silah növlərinə malikdir. Milli ordu yüksək dözümlülüyə, peşəkar bacarıqlara və əməliyyatların keçirilməsində müasir biliklərə sahib komplektləşdirilmiş yeni nəsil zabit və generallara malikdir.

Əbəs yerə Rusiya bu hadisələrin fonunda, Abxaziyada Ermənistan Silahlı Qüvvələri ilə de-fakto koalisiya birləşməsi yaratmadı. Bir sözlə, Azərbaycan ordusu təmamilə yenilənib.


- Yəqin ki, Gürsüstan Silahlı Qüvvələrinin də maddi-texniki bazası yenilənir...

- Hazırki mərhələdə Gürcüstan Silahlı Qüvvələrinin maddi-texniki bazası qənaətbəxş vəziyyətdədir və heç bir şəkildə yaxşılaşmır. Lakin NATO-nun Uels və Varşava sammitlərinin qərarlarına əsasən, məsələn, Gürcüstana genişləndirilmiş hərbi yardım paketi verilib və ABŞ tərəfindən çoxmilyonluq (təxminən 350 milyon dollar) hərbi kömək göstərilib. Hərçənd 2018-ci ilin ölkə büdcəsində hərbi hissənin payı xeyli azalıb və hətta Gürcüstan üçün Hərbi Dəniz Qüvvələrinin yaradılması əlavə yükdür. Odur ki, cari şərtlərlə Gürcüstan özünə büdcədə prioritet istiqamətlərə üstünlük verdiyi “Latın Amerikası” variantını seçib.

Gürcüstan 2008-ci ilin avqust müharibəsinə qədər aktiv şəkildə silah alırdı. Belə ki, 2006-2008-ci illər ərzində hərbi tələbatlar ümumi daxili məhsulun tərkibində 8-9 faizədək artdı. Silahlar Ukraynadan (təxminən 50 faiz), Çexiyadan (təxminən 20 faiz), Bolqarıstandan (təxminən 10 faiz), İsraildən (təxminən 10 faiz) alınırdı və digər faiz göstəriciləri isə, başqa strateji ölkələr (Rumınya, Litva, Türkiyə və s.) arasında bölünmüşdü.


Təəssüf ki, bu silahlanma Gürcüstanı məğlubiyyətdən xilas etmədi. Həmçinin, bu silahlanmanın böyük hissəsi Gürcüstanın həmin dövrkü rəhbərlərinin siyasi satqınlığı səbəbilə düşmənə keçdi. Eləcə də, həmin dövr üçün ən son hərbi texnologiyalar – İsrailin “Hermes-400” dronları və s.

- Lakin ABŞ-la əlaqələriniz yaxşı inkişaf edir...

- Bəli, bu, belədir. Gürcüstan-Amerika əlaqələri hərbi sahədə dinamik və sıx şəkildə inkişaf edir. Məhz Amerikanın köməyi və stabil dəstəyi sayəsində Gürcüstan Silahlı Qüvvələri hərbi hazırlıqlarını qoruyur və NATO-nun bayrağı altında Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlarda iştirak edirlər.


Bu günlərdə ABŞ administrasiyası Gürcüstan Silahlı qüvvələrinin 9 batalyonunu hazırlaşdırmaq barədə qərar qəbul edib. Bu isə təbii ki, ölkənin müdafiə qabiliyyətini daha da gücləndirəcək. Yeri gəlmişkən, Gürcüstanla Birləşmiş Ştatlar arasında strateji əməkdaşlığın birinci hissəsinin əsası 2009-cu ildə, ikinci hissəsi isə, hərbi sahədə strateji və uzunmüddətli əməkdaşlığa həsr edilən “Strateji əməkdaşlıq xartiyası” imzalanarkən qoyulub. Bu sənəd, ABŞ-ın milli strategiya və milli maraqlar çərçivəsində Gürcüstanı İordaniya, Misir, Türkiyə və s. kimi ölkələrlə bərabərləşdirir.

Seymur Məmmədov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   NATO   Qarabağ   Azərbaycan  


Bizi "telegram"da izləyin