İrəvan Şəhər Şurasının iclasında kütləvi dava baş verib

2026/06/1782219039.jpg
Oxunub: 225     16:43     23 İyun 2026    
İrəvan Şəhər Şurasının iclası zamanı kütləvi dava baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, gərginlik “Ana Ermənistan” fraksiyasının nümayəndələrinin hakim “Vətəndaş Müqaviləsi” partiyasını son parlament seçkilərində səsləri oğurlamaqda ittiham etməsindən sonra yaranıb.

Bundan sonra İrəvan merinin müavini və hakim partiyanın üzvü Armen Pambuxçyan müxalif “Ana Ermənistan” fraksiyasının üzvü Gevorq Stepanyana iclas zalını tərk etməyi tələb edib. O, həmçinin “Ana Ermənistan” blokunun lideri Andranik Tevanyanın dövlətə xəyanətdə ittiham olunduğunu xatırladıb.

Stepanyan isə buna etiraz edərək bildirib ki, Pambuxçyanın səsləndirdiyi ittihamları təsdiqləyən hər hansı məhkəmə qərarı mövcud deyil.

Qısa müddət davam edən söz mübahisəsi və qarşılıqlı qışqırıqlardan sonra hakim fraksiyanın üzvlərindən biri “Ana Ermənistan” fraksiyasının rəhbəri Manuk Sukiasyanın istiqamətinə butulka atıb.

Bundan sonra tərəflər arasında dava başlayıb və iclas zalında qarşıdurma yaşanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Dava  


Bizi "telegram"da izləyin