Ordu.az xəbər verir ki, Yunanıstan Baş Qərargahının (GEETHA) İnformasiya Texnologiyaları və Kiberməkan Direktorluğunun yeni binasının rəsmi açılış mərasimi Papagos qərargahında baş tutub.
Tədbirdə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, müdafiə naziri Nikos Dendias və Silahlı Qüvvələrin yüksək rütbəli nümayəndələri iştirak ediblər.
“Protothema”nın məlumatına görə, təməli 2024-cü il dekabrın 18-də qoyulan bina Athanasios K. Laskaridis İctimai Fayda Fondunun ayırdığı 5 milyon avroluq ianə hesabına inşa olunub. Layihə Baş Qərargahın informasiya texnologiyaları və kiberməkan sahəsindəki imkanlarının artırılmasına yönəlmiş mühüm investisiya kimi qiymətləndirilir.
Ümumi sahəsi 2500 kvadratmetr olan üçmərtəbəli binada İnformasiya Texnologiyaları və Kiberməkan Direktorluğu ilə yanaşı, Baş Qərargahın 1864-cü Bölməsi də yerləşəcək.
Məlumata görə, obyekt və texniki avadanlıqlar ən qabaqcıl beynəlxalq və müttəfiq kibertəhlükəsizlik standartlarına uyğun şəkildə layihələndirilib. Kompleks Yunanıstan Silahlı Qüvvələrinin kiberməkan əməliyyatlarını dəstəkləyəcək müasir infrastruktura malikdir.
Baş nazir Kiriakos Mitsotakis açılış mərasimində çıxış edərək bildirib ki, yeni obyekt ölkənin xüsusilə kiberməkan kimi həssas sahədə təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq.
“Bu gündən etibarən ölkəmiz, xüsusilə kiberməkan kimi həssas bir sahədə daha təhlükəsiz olacaq. Bu yeni mərkəz ən yüksək standartlara uyğun şəkildə inşa edilib”, - deyə o vurğulayıb.
Mitsotakis həmçinin ölkənin ənənəvi və yeni yaranan təhlükələrə qarşı müdafiəsini gücləndirdiyini qeyd edib və layihəyə dəstək verən Athanasios Laskaridisə və onun həyat yoldaşı Eviyə təşəkkür edib.
Müdafiə naziri Nikos Dendias isə çıxışında “Gündəm 2030” proqramının Silahlı Qüvvələri sadəcə şəxsi heyət və texnikadan ibarət strukturdan çıxararaq, məlumat toplama və emal sahəsində ultra müasir mexanizmə çevirməyi hədəflədiyini bildirib.
“Dünya dəyişib, Silahlı Qüvvələr də dəyişməlidir”, - deyə Dendias qeyd edib.
Nazir vurğulayıb ki, Silahlı Qüvvələrdə aparılan islahat milli təhlükəsizlik məsələsidir və bu transformasiyanın mərkəzində proqram təminatının hazırlanması, eləcə də yeni texnologiyaların tətbiqi dayanır.
O, həmçinin “Axilles Qalxanı” layihəsinin beş təbəqədən ibarət olduğunu və bu müdafiə sisteminin quru, dəniz və hava məkanından əlavə kiberməkan və kosmos sahələrini də əhatə etdiyini xatırladıb.
Dendias 1864-cü Bölmənin bütün növ kiber müharibə əməliyyatlarını həyata keçirmək üçün zəruri imkanlara malik olduğunu bildirərək qeyd edib ki, bu milli potensialın formalaşdırılması müvafiq infrastrukturun yaradılmasına və imkanların davamlı inkişafına əsaslanır.
Sevinc Əliyeva
Ordu.az