Şimali Koreya nüvə potensialını daha da artırmaq niyyətindədir

2026/06/1782222961.jpg
Oxunub: 203     17:47     23 İyun 2026    
Şimali Koreyanın “dünyanı geridə qoymaq” hədəfi ilə nüvə potensialını daha da genişləndirməyə çalışacağı bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, Şimali Koreya lideri Kim Çen In hakim partiyanın ilin ilk yarısının yekunlarına həsr olunmuş iclasında ölkənin hərbi imkanları barədə danışıb.

Toplantıda Şimali Koreyanın nüvə gücünü artırmaq öhdəliyi bir daha təsdiqlənib. Nüvə qüvvələri ölkənin “hərbi suverenliyinin əsası” və “müharibənin qarşısını alma və ya aparma strategiyasının təməl daşı” kimi xarakterizə olunub.

İclasdan sonra yayımlanan hesabatda Kim Çen Inın “dünyanı geridə qoymaq məqsədilə güclü müdafiə imkanlarını fasiləsiz şəkildə inkişaf etdirmək tapşırığı verdiyi” qeyd olunub.

Sənəddə həmçinin vurğulanıb ki, nüvə texnologiyası əsasında daha genişmiqyaslı, yenilikçi və iddialı proqramlar daha sürətli şəkildə həyata keçiriləcək.

Şimali Koreya rəhbərliyi hesab edir ki, nüvə silahına malik dövlət statusundan tam istifadə etmək mürəkkəbləşən beynəlxalq hərbi-siyasi şəraitə cavab verməyin ən düzgün yoludur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   Nüvə-potensialı  


Bizi "telegram"da izləyin