Süni zəka zamanla təyyarə kokpitində yer alacaq - VİDEO

2026/06/1782223127.jpg
Oxunub: 243     17:53     23 İyun 2026    
Aviasiya sektorunda istifadəsi sürətlə artan süni zəkanın gələcək illərdə sərnişin xidmətlərindən texniki xidmət proseslərinə, əməliyyat idarəetməsindən uçuş planlaşdırılmasına qədər bir çox sahədə ciddi dəyişikliklər yaradacağı bildirilir.

Ordu.az xəbər verir ki, İstanbul Gəlişim Universitetinin Tətbiqi Elmlər fakültəsinin Aviasiya idarəetməsi bölməsinin rəhbəri professor Sezer Cihan Kesken bu barədə açıqlama verib.

Onun sözlərinə görə, süni zəka artıq həyatın ayrılmaz hissəsinə çevrilib və bütün sahələr bu transformasiyaya uyğunlaşmağa məcburdur.

Kesken bildirib ki, rəqəmsallaşmanın ən sürətlə inkişaf etdiyi sahələrdən biri aviasiyadır. Süni zəka əməliyyatların idarə olunması, qərar qəbuletmə prosesləri və xərclərin nəzarətdə saxlanılmasında mühüm rol oynayır.

O qeyd edib ki, yaxın 5-10 il ərzində aviasiyada ən böyük dəyişikliklər sərnişin xidmətləri, baqaj prosesləri və əməliyyat idarəetməsi sahələrində müşahidə olunacaq. Süni zəka hava hərəkətinin idarə olunması da daxil olmaqla bir çox sahədə qərar dəstəyi sistemi kimi istifadə ediləcək.

Professorun sözlərinə görə, süni zəka artıq pasport nəzarəti və qeydiyyat proseslərində geniş tətbiq olunur. Bu texnologiya gözləmə müddətlərini azaldır, sərnişinlərə fərdiləşdirilmiş xidmətlər təqdim edir və baqaj proseslərinin daha səmərəli idarə edilməsinə imkan yaradır.

Kesken vurğulayıb ki, gələcəkdə tək pilotlu uçuş sistemləri və ya yerdən süni zəka dəstəyi ilə idarə olunan təyyarələr gündəmə gələ bilər. Lakin uzun illər ərzində son qərarı yenə də insanın və ya pilotun verəcəyinə inanır.

Onun fikrincə, bu texnologiyalar ilk olaraq yük təyyarələrində sınaqdan keçirilə bilər, daha sonra isə pilotsuz uçuşlara keçid baş verə bilər.

Bilişim mütəxəssisi Emre Özcan da süni zəkanın aviasiya sahəsində bəzi peşələri dəyişdirəcəyini, lakin insan faktorunu tamamilə aradan qaldırmayacağını bildirib.

Onun sözlərinə görə, süni zəka xüsusilə rutin qərarların qəbul edildiyi əməliyyat nəzarət mərkəzləri, çağrı mərkəzləri, uçuş dəstək bölmələri və texniki xidmət mərkəzlərində böyük dəyişikliklər yaradacaq.

Özcan hesab edir ki, gələcəkdə “aviasiya süni zəka analitiki” kimi yeni peşələr meydana çıxacaq.

“Süni zəka yanacaq səmərəliliyinin artırılması, optimal marşrutların müəyyən edilməsi, hava şəraitinin təhlili və böhran vəziyyətlərinin idarə olunması sahələrində mühüm üstünlüklər təqdim edir.

Hazırda süni zəka pilotu əvəz edəcək səviyyədə deyil. O, daha çox ikinci pilot kimi fəaliyyət göstərərək qərarvermə prosesinə dəstək verir. Fövqəladə hallarda isə son qərarı yenə də pilot qəbul edəcək”, - deyə Özcan bildirib.

İstanbul Gəlişim Universitetinin Təyyarə Texnologiyası bölməsinin müəllimi Hasan İlker Çeliker isə süni zəkanın texniki xidmət və təmir proseslərində istifadəsinin getdikcə artdığını vurğulayıb.

Onun sözlərinə görə, süni zəka dəstəkli sistemlər qanadlarda, gövdə birləşmələrində və digər hissələrdə aparılan yoxlamalarda istifadə olunur və insan gözündən yayınan detalları aşkar etməyə kömək edir.

Çeliker bildirib ki, süni zəkanın məqsədi texniki heyəti əvəz etmək deyil, onların işini asanlaşdırmaq, nəzarəti daha sürətli və etibarlı etməkdir.

Mütəxəssis əlavə edib ki, nasazlıqların erkən aşkarlanması texniki xidmət planlamasını daha səmərəli edir və xərcləri azaldır. Bununla belə, fiziki müdaxilə və yekun qiymətləndirmə yenə də ixtisaslı mütəxəssislər tərəfindən həyata keçiriləcək.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Süni-zəka   Təyyarə  


Bizi "telegram"da izləyin