Britaniya Ukraynaya 150 min PUA və 350 HHM raketi verəcək

2026/06/1781804852.jpg
Oxunub: 198     21:46     18 İyun 2026    
Böyük Britaniya 2026-cı ilin sonunadək Ukraynaya 150 min Pilotsuz Uçuş Aparatı (PUA) təhvil verəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, təxminən 996 milyon dollar dəyərində olan yeni yardım paketi çərçivəsində Ukraynaya 350 hava hücumundan müdafiə raketi və yerüstü radar sistemləri də göndəriləcək.

Açıqlama Brüsseldə keçirilən Ukrayna Müdafiə Təmas Qrupunun iclasında Böyük Britaniyanın müdafiə naziri Den Carvis tərəfindən verilib.

Yeni yardım paketi Böyük Britaniyanın Ukraynaya ayırdığı 2,26 milyard funt sterlinqlik kredit mexanizmi hesabına maliyyələşdiriləcək. Bildirilir ki, həmin vəsait dondurulmuş Rusiya dövlət aktivlərindən əldə edilən gəlirlər hesabına təmin olunur.

Paketin ən diqqətçəkən hissəsi Ukrayna Silahlı Qüvvələrinə veriləcək 150 min PUA-dır.

Son illərdə Rusiya-Ukrayna müharibəsində kəşfiyyat, müşahidə və zərbə tapşırıqlarında geniş istifadə olunan PUA-lar döyüş meydanının əsas elementlərindən birinə çevrilib.

Böyük Britaniya tərəfindən veriləcək sistemlərin növü və texniki xüsusiyyətləri barədə ətraflı məlumat açıqlanmayıb.

Yardım paketi çərçivəsində Ukraynaya 350 hava hücumundan müdafiə raketi və yerüstü radar sistemləri də veriləcək.

Bu sistemlərin Rusiyanın raket və PUA hücumlarına qarşı Ukraynanın hava hücumundan müdafiə şəbəkəsini gücləndirməsi nəzərdə tutulur.

Den Carvis Ukrayna Müdafiə Təmas Qrupunun iclasına Almaniyanın müdafiə naziri ilə birlikdə həmsədrlik edib.

İclas çərçivəsində ABŞ-nin müharibə naziri Pit Heqset, Fransanın müdafiə naziri və Ukrayna nümayəndələri ilə də görüşlər keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Ukrayna   PUA  


Bizi "telegram"da izləyin