Ordu.az xəbər verir ki, Tramp bu barədə İsrailin “Kan News” televiziya kanalına müsahibəsində danışıb.
ABŞ Prezidenti qeyd edib ki, onun yekun mövqeyi seçkilərdə iştirak edəcək namizədlərin tərkibindən asılı olacaq. Bununla yanaşı, Tramp Netanyahuyla yaxşı münasibətlər saxladığını vurğulayıb, lakin onun daha rasional davranmalı olduğunu düşündüyünü bildirib və şəxsi görüşə hazır olduğunu deyib.
Bu açıqlamalar fonunda “The Wall Street Journal” qəzeti iki lider arasındakı münasibətlərlə bağlı yeni məlumatlar dərc edib. Nəşrin məlumatına görə, xüsusilə ABŞ ilə İran arasında qarşılıqlı anlaşma memorandumu imzalandıqdan sonra tərəflər arasındakı münasibətlər əvvəlki dövrlə müqayisədə daha az dostyana xarakter daşıyır.
Qəzetin mənbələrinin bildirdiyinə görə, telefon danışıqlarından biri zamanı Tramp İsrailin Livandakı fəaliyyətini sərt tənqid edib.
“Niyə binaları partladırsınız? Binaları partlatmağı dayandırın”, - deyə Trampın bildirdiyi qeyd olunur.
O, həmçinin münaqişənin qlobal iqtisadiyyata mümkün təsirlərini 1930-cu illərin Böyük Depressiyası ilə müqayisə edib.
Məlumata görə, İranın nüvə proqramı ilə bağlı müzakirələr zamanı da tərəflər sərt mövqelər nümayiş etdiriblər. Mənbələrin sözlərinə görə, Netanyahu Tehrana etimad göstərmədiyini bildirib və mümkün razılaşmaların icrasına nəzarətin effektivliyini şübhə altına alıb.
Tramp isə diplomatik yanaşmanın və təmkinli davranışın vacibliyini vurğulayıb.
“The Wall Street Journal” həmçinin iddia edir ki, Tramp müşavirləri ilə söhbətlərində Netanyahu ilə əməkdaşlığın çətinliklərindən danışıb və İsrail Baş nazirinin tez-tez daha sərt hərbi addımların atılmasını tələb etdiyini qeyd edib.
Sevinc Əliyeva
Ordu.az