“İran hələlik ABŞ ilə razılaşmanın ilkin şərtlərinə əməl edir” - Vens

2026/06/1780974754.jpg
Oxunub: 169     20:32     18 İyun 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, İran Vaşinqton ilə Tehran arasında imzalanmış memorandum çərçivəsində götürdüyü ilkin öhdəliklərə hazırda əməl edir.

Ordu.az xəbər verir ki, bu barədə CNN televiziya kanalı məlumat yayıb.

Ağ Evdə keçirilən brifinqdə çıxış edən Vens bildirib ki, İran artıq iki gecədir Hörmüz boğazı ətrafında hərəkət edən gəmilərə qarşı heç bir hücum həyata keçirməyib.

“İranlılar artıq ikinci gecədir ki, Hörmüz boğazında heç bir gəmiyə atəş açmırlar. Hazırda onlar öz öhdəliklərini yerinə yetirirlər”, - deyə ABŞ-nin vitse-prezidenti vurğulayıb.

Vens qeyd edib ki, Vaşinqton da öz növbəsində blokadanın qismən aradan qaldırılması ilə bağlı üzərinə düşən öhdəlikləri icra edir.

Onun sözlərinə görə, ABŞ Mərkəzi Komandanlığı ondan çox gəminin dəniz blokadasından keçməsinə icazə verib və bununla da razılaşmanın ilkin mərhələsi üzrə öhdəliklər yerinə yetirilib.

ABŞ rəsmisi əlavə edib ki, hadisələrin sonrakı inkişafı tərəflərin memorandumun digər müddəalarını həyata keçirməyə hazır olub-olmadığını göstərəcək.

“İndi görəcəyik ki, onlar Prezidentin sülh planının növbəti mərhələsinə əməl etməyə hazırdırlar, yoxsa yox”, - deyə Vens bildirib.

O vurğulayıb ki, ABŞ İranla danışıqlarda ciddi təsir imkanlarına malikdir, lakin yekun nəticənin necə olacağı hələ məlum deyil.

“Onlar, şübhəsiz ki, ABŞ-nin ciddi təzyiq rıçaqlarına malik olduğunu anlayırlar. Bunun onların davranışını dəyişib-dəyişməyəcəyini isə bilmirəm”, - deyə Vens qeyd edib.

ABŞ administrasiyasının razılaşma əldə etmək istiqamətində səyləri davam etdirməsinin vacibliyini vurğulayan vitse-prezident əlavə edib ki, nəticənin zəmanətli olmaması belə bu cəhdlərdən imtina etmək üçün əsas deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   ABŞ  


Bizi "telegram"da izləyin