İran və Pakistan liderləri Yaxın Şərqdə münaqişənin dayandırılmasını müzakirə ediblər

2026/06/1781800898.jpg
Oxunub: 151     20:34     18 İyun 2026    
İran Prezidenti Məsud Pezeşkian və Pakistanın Baş naziri Şahbaz Şərif telefon danışığı zamanı Yaxın Şərqdə münaqişənin dayandırılması ilə bağlı əldə olunmuş son razılaşmanı və onun region üçün mümkün nəticələrini müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

İran tərəfinin açıqlamasına görə, Məsud Pezeşkian müharibənin dayandırılması ilə bağlı razılaşmanın əldə olunması istiqamətində Pakistanın göstərdiyi səylərin İran xalqının yaddaşında qalacağını bildirib.

İran Prezidenti vurğulayıb ki, əldə edilmiş razılaşma sülhün möhkəmləndirilməsi, gərginliyin azaldılması və regional əməkdaşlığın yeni mərhələyə keçməsi üçün əsas yarada bilər.

Şahbaz Şərif isə öz növbəsində İran rəhbərliyinin və xalqının mövqeyini yüksək qiymətləndirib. O, iranlıların səbirli, dözümlü və rasional yanaşma nümayiş etdirdiklərini qeyd edib.

Pakistanın Baş naziri əlavə edib ki, razılaşmanın həyata keçirilməsinin davam etdirilməsi regionda sülhün, sabitliyin və inkişafın təmin olunmasına mühüm töhfə verə bilər.

Tərəflər ümid etdiklərini bildiriblər ki, əldə olunan razılaşmalar region ölkələri arasında əməkdaşlığın genişlənməsinə və uzunmüddətli sabitliyin möhkəmlənməsinə xidmət edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Pakistan  


Bizi "telegram"da izləyin