Tramp: “Rusiya neftinə qarşı sanksiyaların bərpası dünya qiymətlərindən asılı olacaq”

2026/05/1778482583.jpg
Oxunub: 185     20:46     17 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Rusiya neftinin tədarükünə qarşı sanksiyaların bərpa olunub-olunmaması dünya bazarında neft qiymətlərinin gələcək dinamikasından asılı olacaq.

Ordu.az xəbər verir ki, bu barədə CNN televiziya kanalı məlumat yayıb.

Tramp “Böyük Yeddilik” sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ administrasiyası ilk növbədə neft qiymətlərinin hansı istiqamətdə dəyişəcəyini izləyir.

“Biz neftin qiymətinin nə qədər aşağı düşəcəyinə baxırıq. Hazırda qiymətlər həqiqətən də kəskin şəkildə enir”, - deyə ABŞ Prezidenti vurğulayıb.

Məlumata görə, Tramp administrasiyası bu ilin əvvəlində İranla müharibə fonunda yaranmış enerji çatışmazlığını azaltmaq məqsədilə Rusiya neftinin bir hissəsinə tətbiq olunan sanksiyaları yumşaldıb.

ABŞ Maliyyə Nazirliyi sonrakı aylarda həmin məhdudiyyətlər üzrə müvəqqəti güzəştlərin müddətini uzatmağa davam edib. Lakin bu həftə qüvvədə olan icazənin müddəti başa çatdıqdan sonra növbəti qərarın necə olacağı hələ açıqlanmayıb.

“Böyük Yeddilik” ölkələrinin liderləri bundan əvvəl Ukraynaya sarsılmaz dəstəklərini bəyan edib və Rusiyaya qarşı sanksiya təzyiqinin, o cümlədən neft-qaz sektoruna yönəlmiş tədbirlərin gücləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Qeyd olunur ki, Trampın İranla razılığın əldə olunması barədə bəyanatından sonra neft qiymətləri müəyyən qədər aşağı düşsə də, onlar hələ də müharibədən əvvəlki göstəricilərdən xeyli yüksək səviyyədə qalır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Rusiya   Neft  


Bizi "telegram"da izləyin