Paşinyan: “2026-cı ilin Ermənistanı ən uğurlu layihəmizdir”

2026/06/1781710398.jpg
Oxunub: 166     19:26     17 İyun 2026    
“Bugünkü Ermənistan bütün itkilərə və qurbanlara baxmayaraq, ölkənin ən uğurlu layihəsidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumətlə keçirilən sual-cavab sessiyası zamanı deyib.

Ermənistanın Baş naziri sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə toxunaraq 2024-cü ildə qəbul edilən qərarların ölkə üçün həlledici əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, həmin qərarlar qəbul edilməsəydi, təmas xətti Tavus vilayətinin daha dərin hissələrindən keçə bilərdi.

Paşinyan Günən kəndi ilə bağlı səsləndirilən narahatlıqların doğrulmadığını deyərək hazırda kənddə 51 evin tikildiyini və yaşayış məntəqəsinin beynəlxalq avtomobil yolunun keçdiyi mühüm qovşağa çevrildiyini qeyd edib.

O, həmçinin Ermənistanın hərbi sənaye sahəsində əldə olunan nəticələrə diqqət çəkərək bu sahədə bağlanan müqavilələrin həcminin onu belə təəccübləndirdiyini bildirib.

“Məhz bugünkü Ermənistanı məhv etmək istəyən qüvvələr olub və həmin qüvvələri uğursuzluq gözləyir”, - deyə Paşinyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin