MKE iki ildə İSO 500 siyahısında 124 pillə yüksəlib

2026/06/1781717319.jpg
Oxunub: 228     21:29     17 İyun 2026    
“Makina və Kimya Sənayesi” şirkəti İstanbul Sənaye Palatasının açıqladığı “Türkiyənin 500 Böyük Sənaye Müəssisəsi - 2025” araşdırmasında 57-ci yerdə qərarlaşıb.

Ordu.az xəbər verir ki, şirkət son iki ildə əldə etdiyi yüksəlişlə Türkiyə sənayesinin ən diqqətçəkən uğur hekayələrindən birinə çevrilib.

Məlumata görə, MKE 2023-cü ildə İSO 500 siyahısında 181-ci yerdə qərarlaşmışdı. Şirkət 2024-cü ildə 72 pillə irəliləyərək 109-cu sıraya yüksəlib, 2025-ci ildə isə daha 52 pillə irəliləyərək 57-ci yerə çatıb.

Beləliklə, MKE son iki il ərzində ümumilikdə 124 pillə yüksələrək istehsal gücü, investisiya fəaliyyəti və sənaye potensialındakı inkişafını bir daha nümayiş etdirib.

Şirkətin yaydığı açıqlamada bildirilir ki, əldə olunan nəticələrin əsasını son illərdə həyata keçirilən investisiyalar, istehsal gücünün artırılması və güclü elmi-tədqiqat infrastrukturu əsasında yaradılan yeni texnologiyalar təşkil edir.

Qeyd olunur ki, son dövrdə həyata keçirilən yeni istehsal müəssisələri, texnologiya yatırımları və istehsal gücünün genişləndirilməsi layihələri şirkətin inkişafında mühüm rol oynayıb.

MKE müdafiə sənayesində yerlilik səviyyəsinin artırılması və kritik sistemlərin hazırlanması istiqamətində fəaliyyətini davam etdirir.

Şirkətin yüksəlişi beynəlxalq reytinqlərdə də əks olunub. Belə ki, MKE 2024-cü ildə ilk dəfə “Defense News Top 100” siyahısına daxil olaraq 84-cü yeri tutmuşdu. 2025-ci ildə isə şirkət daha dörd pillə irəliləyərək 80-ci yerə yüksəlib.

Şirkət rəhbərliyi hesab edir ki, həm İSO 500, həm də “Defense News Top 100” siyahılarında əldə olunan nəticələr MKE-nin milli müdafiə sənayesində keçirdiyi transformasiyanı və qlobal rəqabət qabiliyyətinin artmasını nümayiş etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   İSO-500   Türkiyə  


Bizi "telegram"da izləyin