1994-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə yaradılan Hərbi Nəşriyyat xidməti fəaliyyətə mürəkkəb və çətin şəraitdə başlayıb. Nəşriyyatın əsası sovet dövründə Xəzər Hərbi Donanmasının orqanı kimi fəaliyyət göstərən və rus dilində nəşr olunan "Xəzərin keşiyində" qəzetinin köhnə mətbəəsinin bazasında qoyulub. Həmin dövrdə mövcud olan çap avadanlıqları istismar müddətini başa vurmuş, texniki imkanlar olduqca məhdud olmuşdur. Kollektiv isə yararsız vəziyyətdə olan kiçik bir otaqda fəaliyyət göstərmişdir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu ordu quruculuğu siyasəti Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının da fəaliyyətinin genişlənməsinə, maddi-texniki bazasının gücləndirilməsinə və qarşıya qoyulan vəzifələrin daha yüksək səviyyədə yerinə yetirilməsinə əlverişli şərait yaratdı.
Ötən illər ərzində Hərbi Nəşriyyatın minlərlə nüsxədə hərbi və xidməti ədəbiyyatının hazırlanaraq qoşunlara çatdırılması təmin edilib. Burada Ümumqoşun nizamnamələri, hərbi təhsil müəssisələri üçün dərslik və dərs vəsaitləri, elmi-metodik materiallar, hərbi nəzəriyyə və təcrübəyə dair kitablar, müxtəlif təlim vəsaitləri və digər zəruri nəşrlər çap olunub. Bu nəşrlər Azərbaycan Ordusunda peşəkar kadr hazırlığının və hərbi təhsilin inkişafında mühüm rol oynayıb.
İnkişafın məntiqi nəticəsi olaraq nəşriyyatın maddi-texniki bazası da davamlı şəkildə yenilənib. 2009-cu ildə yeni istifadəyə verilmiş inzibati binaya köçürülən Hərbi Nəşriyyat ən müasir poliqrafik avadanlıqlarla təchiz olunub. Bu yeniliklər çap məhsullarının keyfiyyətinin yüksəldilməsinə, iş prosesinin operativliyinin artırılmasına və nəşriyyatın imkanlarının daha da genişlənməsinə şərait yaradıb.

Hərbi Nəşriyyatın fəaliyyəti yalnız nəşrlərin hazırlanması ilə yekunlaşmır. Burada çap məhsullarının ərsəyə gəlməsi dəqiq planlaşdırılmış və qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərən kollektiv işin və istehsal prosesinin nəticəsidir. Hərbi Nəşriyyata daxil olan sifarişlər əsasında, ilk növbədə, Planlama və İstehsalın Təşkili bölməsində müvafiq işlər həyata keçirilir, sifarişlər qeydiyyata alınaraq icraya yönləndirilir. Daha sonra materiallar Kompüter bölməsinə təqdim edilir, burada nəşrlərin dizaynı və texniki tərtibatı hazırlanır.
Növbəti mərhələdə materiallar Rəngayırma sahəsinə ötürülür. Burada çap prosesi üçün zəruri texniki hazırlıq işləri görülür, materiallar ofset təbəqələrinə köçürülərək Mərkəzi mətbəəyə göndərilir. Müasir poliqrafik avadanlıqlarla təchiz olunmuş Mərkəzi mətbəədə nəşrlər yüksək keyfiyyətlə çap edildikdən sonra Cild bölməsinə təqdim olunur. Cildləmə işləri başa çatdırıldıqdan sonra hazır məhsullar çap olunmuş məhsullar anbarına təhvil verilir və son mərhələdə sifarişçilərə çatdırılır.

Beləliklə, Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının hər bir bölməsi vahid məqsədə, Azərbaycan Ordusunun şəxsi heyətinin zəruri nəşrlərlə, metodiki və tədris materialları ilə vaxtında və keyfiyyətli təmin olunmasına xidmət edir. Bu sistemli fəaliyyət nəşriyyatın üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetirməsinə imkan yaradır.
Bu gün Hərbi Nəşriyyat Azərbaycan Respublikasının qanunvericiliyinə, müdafiə nazirinin əmr və sərəncamlarına uyğun fəaliyyət göstərərək ordunun şəxsi heyətinin zəruri dərs vəsaitləri, xidməti sənədlər və metodiki materiallarla təmin olunmasında mühüm missiyanı yerinə yetirir. Kollektiv üzərinə düşən vəzifələri yüksək məsuliyyət, peşəkarlıq və vətənpərvərlik hissi ilə icra edir.
Hərbi Nəşriyyatın fəaliyyəti yalnız çap məhsullarının hazırlanması ilə məhdudlaşmır. Onun əsas xidmətlərindən biri də Azərbaycan Ordusunda vətənpərvərlik ruhunun, döyüş əzminin və mənəvi-psixoloji hazırlığın möhkəmləndirilməsinə dəstək verməkdir. Hazırlanan kitablar, vəsaitlər, plakatlar, bukletlər və digər təbliğat materialları şəxsi heyətin maarifləndirilməsində və milli-mənəvi dəyərlərin təbliğində mühüm rol oynayır.
2016-cı ilin Aprel döyüşləri zamanı Hərbi Nəşriyyat üzərinə düşən vəzifələri yüksək operativliklə yerinə yetirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciəti qısa müddətdə çap edilərək döyüş bölgələrinə çatdırıldı və hərbi qulluqçularımızın ruh yüksəkliyinin daha da artırılmasına xidmət etdi.

Nəşriyyatın tarixində ən şərəfli səhifələrdən biri də 2020-ci ilin 27 sentyabrında torpaqlarımızın azadlığı uğrunda başlayan 44 günlük Vətən müharibəsi ilə bağlıdır. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə çevrilən bu müqəddəs haqqsavaşının ilk günlərindən etibarən Hərbi Nəşriyyatın şəxsi heyəti ön cəbhənin görünməyən, lakin vacib xidmət sahələrindən birini təşkil edirdi. Döyüş bölgələrində səyyar mətbəələrin qurulması, səhra qəzetlərinin hazırlanması və şəxsi heyətə çatdırılması, təbliğat və təşviqat materiallarının operativ çapı Böyük Qələbəyə aparan mənəvi dəstəyin mühüm hissəsinə çevrildi.
"Sən qalib gələcəksən", "Qələbə uğrunda", "Qalibiyyət döyüşü" səhra qəzetləri, "Biz Zəfər çalacağıq!", "Qarabağ Azərbaycandır!", "Yaşasın Ali Baş Komandan, yaşasın Azərbaycan Ordusu!" şüarları, eləcə də "İrəli" və "Şimşək" döyüş vərəqələri qələbə əzmi ilə döyüşən əsgər və zabitlərimizin mənəvi dayaq mənbələrindən biri oldu. Döyüş bölgələrinə ezam olunan Hərbi Nəşriyyatın hərbi qulluqçuları öz vəzifələrini peşəkarlıqla yerinə yetirdilər.
Onların fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Vətən müharibəsi dövründə xidməti borclarını layiqincə yerinə yetirən əməkdaşların bir qismi Azərbaycan Respublikası Prezidentinin sərəncamları, müdafiə nazirinin əmrləri ilə müxtəlif medal və təltiflərlə mükafatlandırıldı.

Bu gün Hərbi Nəşriyyat 32 illik fəaliyyəti ərzində formalaşdırdığı zəngin təcrübə, peşəkar kollektivi və müasir texniki imkanları ilə Azərbaycan Ordusunun inkişafına xidmət etməyə davam edir. İnanırıq ki, Hərbi Nəşriyyatın kollektivi bundan sonra da üzərinə düşən məsuliyyətli missiyanı uğurla davam etdirəcək.
Yaradılmasının 32-ci ildönümü münasibətilə Hərbi Nəşriyyatın şəxsi heyətini səmimi-qəlbdən təbrik edir, hər birinə möhkəm cansağlığı, yeni nailiyyətlər və şərəfli xidməti fəaliyyətlərində uğurlar arzulayırıq.
"Azərbaycan Ordusu"
Ordu.az