Avropa İttifaqı ilə Fransa arasında 15 milyard avroluq SAFE kredit sazişi imzalanıb

2026/04/1777469208.jpg
Oxunub: 206     21:31     17 İyun 2026    
Avropa İttifaqı ilə Fransa arasında Avropa Təhlükəsizlik Fəaliyyəti (SAFE) mexanizmi çərçivəsində təxminən 15,09 milyard avro məbləğində kredit sazişi imzalanıb.

Ordu.az xəbər verir ki, saziş Fransanın paytaxtı Parisdə keçirilən və Avropanın aparıcı müdafiə sərgilərindən biri hesab olunan “Eurosatory 2026” çərçivəsində rəsmiləşdirilib.

Mərasimdə çıxış edən Avropa Komissiyasının müdafiə məsələləri üzrə üzvü Andrius Kubilius bildirib ki, SAFE proqramı Avropa müdafiə sənayesinin gücləndirilməsi və qitənin müdafiə sahəsində müstəqilliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Kubilius qeyd edib ki, SAFE Avropa İttifaqının müdafiə sahəsində həyata keçirdiyi ən böyük maliyyə təşəbbüslərindən biridir. Onun sözlərinə görə, proqram çərçivəsində ümumilikdə 150 milyard avro maliyyələşdirmə təmin ediləcək.

Avropa Komissiyasının açıqlamasına əsasən, Fransa üçün maksimum 15,09 milyard avro kredit nəzərdə tutulur. Bu məbləğin təxminən 2,26 milyard avroluq hissəsi ilkin maliyyələşdirmə kimi ayrılacaq.

Qeyd olunur ki, daha əvvəl Belçika, Bolqarıstan, Cənubi Kipr Rum Administrasiyası, Danimarka, İspaniya, Xorvatiya, Portuqaliya, Rumıniya, Estoniya, Yunanıstan, İtaliya, Latviya, Litva, Polşa, Slovakiya, Finlandiya və Çexiya üçün də oxşar qərarlar qəbul edilib.

2025-ci il mayın 29-da qüvvəyə minən SAFE proqramı Avropa İttifaqının “2030 müdafiə hədəfləri” strategiyasının tərkib hissəsidir. Proqram çərçivəsində Avropa İttifaqı ölkələri, Ukrayna, Norveç, Lixtenşteyn və İslandiya ortaq müdafiə satınalmaları üçün kreditlərdən yararlana biləcəklər.

Məlumata görə, Türkiyə kimi Avropa İttifaqına namizəd ölkələr də ortaq satınalma layihələrində iştirak edə biləcəklər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Fransa   SAFE  


Bizi "telegram"da izləyin