“Kriminal-oliqarxiyanı ayaqlar altına atacağam” - Paşinyan

2026/05/1780122710.jpg
Oxunub: 204     17:55     17 İyun 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumətlə keçirilən sual-cavab sessiyası zamanı kriminal-oliqarxik sistemə qarşı mübarizəni daha da sərtləşdirəcəyini bəyan edib.

Ordu.az xəbər verir ki, Paşinyan çıxışında son seçkilərin əsas mövzularından birinin keçmiş hakimiyyət nümayəndələrinin məsuliyyətə cəlb olunmaması olduğunu bildirib.

Onun sözlərinə görə, cəmiyyətə Robert Köçəryanın niyə həbsdə olmadığını, Qaqik Tsarukyanın mənimsənildiyi iddia olunan vəsaitlərin niyə geri qaytarılmadığını və “Kaluqalı oliqarx” adlandırdığı şəxsin inqilabdan sonrakı səkkiz il ərzində necə fəaliyyətini davam etdirdiyini izah etmək çətin olub.

Paşinyan iddia edib ki, sözügedən oliqarxik sistem xarici himayədarlara malik olub və hakimiyyət uzun müddət bu amili nəzərə almağa məcbur qalıb.

“Son seçkilər və xüsusilə gənclərin fəallığı yeni inqilabi gündəmin formalaşmasına səbəb olub. Bu dəfə məxməri yanaşma istisna edilməlidir. Çünki biz bu günə qədər izah edə bilməmişik ki, Robert Köçəryanın ailə üzvləri və yaxın çevrəsi niyə hələ də Ermənistan məhkəmə sistemində təmsil olunurlar. Əvvəlki konstitusiya sistemi oliqarxiyanı qorumaq üçün qurulmuşdu. Biz həmin sistemi dağıtmalıyıq, başqa yol yoxdur. Ya inqilab yeni nəfəs alacaq, ya da əksinqilab qalib gələcək”, - deyə Paşinyan bildirib.

O qeyd edib ki, dövlət qurumları seçki rüşvəti hallarının yalnız kiçik hissəsini üzə çıxara biliblər.

Ermənistanın Baş nazirinin sözlərinə görə, keçmiş Respublikaçılar Partiyası və “Çiçəklənən Ermənistan” Partiyasının köhnə seçici siyahılarından istifadə olunaraq seçicilərə rüşvət paylanıb.

Paşinyan seçki zamanı pul almaqdan imtina edən vətəndaşları Ermənistan dövlətçiliyinin dayaqları adlandırıb.

Onun fikrincə, müəyyən siyasi qüvvələrin topladığı səslərin böyük hissəsi seçki rüşvəti hesabına əldə olunub.

“Bu problem həll edilməlidir. Ermənistan sürətli və inqilabi reaksiya verməlidir. Biz bu yolla gedəcəyik. Əgər razı deyilsinizsə, küçələrə çıxın və bizi dayandırın”, - deyə o bildirib.

Ermənistanın Baş naziri daha sonra kriminal-oliqarxik sistemə qarşı mübarizəni şəxsən aparacağını vurğulayıb.

“Mən şəxsən kriminal-oliqarxiyanı darmadağın etmək, onu ayaqlar altına atmaq yolu ilə gedəcəyəm. Əgər razısınızsa, öz işinizlə məşğul olun, biz bunu edəcəyik. Razı deyilsinizsə, küçəyə çıxın və inqilab edin”, - deyə Paşinyan bəyan edib.

O həmçinin bildirib ki, növbəti parlament seçkilərinin nəticələri elan olunan günə qədər seçki rüşvəti verən və alan şəxslərdən heç biri həbsdə olmazsa, bu, yeni inqilab üçün əsas mövzulardan birinə çevriləcək.

Paşinyan vurğulayıb ki, xalqın iradəsindən üstün hüquq mənbəyi yoxdur və onun sözlərinə görə, “kriminal-oliqarxik qaydalar” artıq Ermənistanın siyasi həyatında yer almamalıdır.

Çıxışının sonunda Ermənistanın Baş naziri “uşaqların gələcəyi naminə inqilab” ideyasını yenidən dəstəklədiyini bildirib və bu yolda qarşısına çıxan bütün maneələri aradan qaldıracağını bəyan edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin