Erməni deputat: “Hakimiyyət ordunu və səfərbərlik resursunu seçki təzyiqi və cəza alətinə çevirib”

2026/06/1781627261.jpg
Oxunub: 194     20:24     16 İyun 2026    
“Mövcud hakimiyyət ordu və səfərbərlik resursunu seçki təzyiqi və cəza vasitəsinə çevirib, əsgərləri şam yeməyi və yuxu saatlarında səs verməyə məcbur edib, eyni zamanda minlərlə vətəndaşın ölkədən çıxışını sərhəd-keçid məntəqələrində qanunsuz şəkildə məhdudlaşdırıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Geğam Manukyan bildirib.

Onun sözlərinə görə, səsvermə günü hərbçilər seçki məntəqələrinə sözün həqiqi mənasında saat 20:00-dan, yəni orduda şam yeməyi vaxtından üç-dörd dəqiqə əvvəl gətirilib ki, məntəqələrdə mülki şəxslər, jurnalistlər və müşahidəçilər qalmasın.

Erməni deputat vurğulayıb ki, hərbçilər bölük halında gecə saat 22:00-dək səsverməyə məcbur ediliblər. O bildirib ki, bu addım ordu nizam-intizamının və yuxu saatının kobud şəkildə pozulması hesabına həyata keçirilib və məqsəd idarə olunan səsvermə vasitəsilə onlara inzibati təzyiq göstərmək olub.

Geğam Manukyan eyni zamanda Hərbi Polisin və Müdafiə Nazirliyinin həyata keçirdiyi başqa bir qanun pozuntusuna da diqqət çəkib.

“Bu pozuntu 25 günlük təlim toplanışları ilə bağlı yaradılmış “qara siyahılar”a aid olub. Hava limanında və digər sərhəd-keçid məntəqələrində minlərlə vətəndaşın ölkədən çıxışına heç bir cinayət işi və ya qanuni prosedur olmadan qadağa qoyulub.

Qanunla bildirişin dəqiq qaydası müəyyən edilib. Əvvəlcə elektron poçtla, sonra poçt vasitəsilə məlumat verilməli, yalnız imtina olunduğu halda azdarar.am saytı üzərindən bildiriş göndərilməlidir. Bu proses təxminən 20-25 gün çəkir. İndi isə bütün bu prosedurlar gözardı edilib. Hava limanında dayanan hərbi polis üç gün ərzində insanları qorxutmaq funksiyasını yerinə yetirib. Onların müəyyən etdiyi hər kəs ölkədən getmək hüququndan məhrum edilib”, - deyə erməni deputat izah edib.

O, konkret hallardan da danışıb. Bildirib ki, Rusiyadan toy mərasiminə gəlmiş bir vətəndaşa və müxalif baxışlı bir şəxsin oğluna yerindəcə cəza məqsədilə 25 günlük təlim toplanışına çağırış vərəqələri təqdim olunub.

“Həmin şəxs cəmi bir neçə ay əvvəl tərxis olunmuşdu və qanuna görə həmin il ərzində yenidən çağırışa məruz qala bilməzdi. Əgər hər hansı kənar şəxs həqiqətən Milli Təhlükəsizlik Xidmətinin serverlərinə və ya sərhəd sisteminə çıxış əldə edib videogörüntüləri götürə bilsəydi, o zaman Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyinə yalnız Kiyev körpüsündən özünü atmaq qalardı. Aydındır ki, keçid məntəqəsinin müşahidə kamerasının görüntülərini MTX direktoru Nikol Paşinyanın “WhatsApp”ına göndərib, o isə dərhal bunu ailəsinə məxsus qəzetə ötürüb. Amma bunu edənlər düşünmürlər ki, Nikol Paşinyan sabah hakimiyyətdə olmaya bilər, onların qanunsuz əməllərinin xatirəsi isə qalacaq”, - deyə Manukyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Manukyan  


Bizi "telegram"da izləyin