Parisdə Azərbaycan-YUNESKO əməkdaşlığının perspektivləri müzakirə olunub - YENİLƏNİB

2026/06/1781627790.jpg
Oxunub: 273     20:52     16 İyun 2026    
İyunun 16-da Parisdə YUNESKO-nun Baş qərargahında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli YUNESKO-nun Baş direktoru Xalid Əl-Ənani ilə görüşüb.

Bu barədə Ordu.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Əl-Ənaninin YUNESKO-nun baş direktoru vəzifəsinə seçilməsindən sonra Azərbaycanın mədəniyyət naziri ilə ilk görüşü olub.

Görüşdə Azərbaycan ilə YUNESKO arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, mədəni irsin qorunması, qeyri-maddi mədəni irsin təşviqi, mədəniyyətlərarası dialoq və beynəlxalq humanitar əməkdaşlıq məsələləri müzakirə edilib.

A. Kərimli Əl-Ənanini YUNESKO-nun Baş direktoru seçilməsi münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb. O, Azərbaycanın YUNESKO ilə tərəfdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq ölkənin təşkilatın məqsəd və prinsiplərinin təşviqinə verdiyi töhfələrdən danışıb. A. Kərimli həmçinin Azərbaycanın mədəni müxtəlifliyin qorunması, mədəni irsin gələcək nəsillərə ötürülməsi və qlobal dialoqun inkişafı istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib.

O, YUNESKO-nun yeni rəhbərliyi dövründə təşkilatın fəaliyyətinin daha da güclənəcəyinə əminliyini ifadə edib, yeni islahatların həyata keçiriləcəyinə və qurumun qlobal çağırışlara daha çevik cavab vermək imkanlarının genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi, YUNESKO platformasında birgə layihələrin həyata keçirilməsi və mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan-YUNESKO əməkdaşlığının gələcək inkişafı üçün mövcud potensialı yüksək qiymətləndiriblər.

***

YUNESKO-nun direktoru Xalid əl-Ənani Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşüb və əməkdaşlıq müzakirə edilib.

Ordu.az xəbər verir ki, əl-Ənani bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşməyimə şadam", - o bildirib.

Görüşdə YUNESKO ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə edilib: "O cümlədən mədəniyyətlərarası dialoqun, sülhün və dayanıqlı inkişafın möhkəmləndirilməsində mədəniyyətin rolunu müzakirə etdik.

YUNESKO insanların rifahı naminə mədəniyyətin, dialoqun və sülhün təşviqi üçün Azərbaycanla əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyir".


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: YUNESKO   Azərbaycan  


Bizi "telegram"da izləyin