ABŞ Braziliyaya 330 milyon dollarlıq “Stinger” raketi satışını təsdiqləyib

2026/06/steng-1781632811.jpg
Oxunub: 184     22:00     16 İyun 2026    
ABŞ Dövlət Departamenti Braziliyaya təxminən 330 milyon dollar dəyərində FIM-92K “Stinger” daşınan hava hücumundan müdafiə raketlərinin satışını təsdiqləyib.

Ordu.az xəbər verir ki, Braziliyanın sifarişi çərçivəsində 100 ədəd “Stinger Block I” raketinin tədarükü planlaşdırılır.

Satış paketinə atış qurğuları, texniki və logistika dəstəyi xidmətləri, həmçinin müxtəlif proqram və logistika dəstəyi elementləri də daxildir.

ABŞ Dövlət Departamenti bildirib ki, bu satış Braziliyanın hava hücumundan müdafiə imkanlarını gücləndirəcək və ölkənin müdafiə sahəsində modernləşmə məqsədlərinə töhfə verəcək.

Açıqlamada qeyd olunub: “Bu satış Braziliyanın Cənubi Amerika hava məkanını qanunsuz qaçaqmalçılıq fəaliyyətlərinə qarşı daha effektiv qoruması üçün həyata keçirdiyi müdafiə modernləşməsi proqramlarını dəstəkləyir”.

Layihənin əsas icraçıları “RTX Corporation” və “Lockheed Martin” olacaq.

Tərəflər arasında hazırda heç bir ofset razılaşmasının nəzərdə tutulmadığı bildirilib.

Yeni “Stinger” raketləri Braziliya Ordusunun 2014-cü ildən istifadə etdiyi Rusiya istehsalı “Igla-S” daşınan hava hücumundan müdafiə sistemlərini əvəz edəcək.

Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra “Igla-S” sistemləri üçün ehtiyat hissələri və sursat təchizatında yaranan çətinliklərin Braziliyanı alternativ həll axtarışına yönəltdiyi qeyd olunur.

ABŞ istehsalı olan bu sistem Braziliyanın arsenalında mövcud olan İsveç istehsalı RBS 70 NG qısamənzilli hava hücumundan müdafiə sistemi ilə birlikdə istifadə olunacaq.

Daha uzaq mənzil və hündürlük imkanlarına malik RBS 70 NG üçayaqlı sabit buraxılış qurğusundan istifadə etdiyi halda, “Stinger” daha yüksək hərəkət qabiliyyəti təqdim edir.

FIM-92K “Stinger” hazırda xidmət göstərən “Stinger” ailəsinin ən qabaqcıl əməliyyat versiyası hesab olunur. Sistem alçaq hündürlükdə uçan döyüş təyyarələrinə, helikopterlərə, qanadlı raketlərə və Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı istifadə edilə bilir. Raketin maksimum mənzilinin təxminən 8 kilometr olduğu bildirilir.

“Stinger Block I” modernləşdirmə proqramı çərçivəsində hazırlanmış FIM-92K yenilənmiş elektron sistemlər, məlumat bağlantısı qabiliyyəti və təkmilləşdirilmiş uçuş idarəetmə proqram təminatı kimi mühüm yenilikləri özündə birləşdirir.

Bu imkanlar sayəsində raket platformaya inteqrasiya edilmiş hava hücumundan müdafiə sistemləri ilə birlikdə istifadə edilərkən xarici sensorlardan hədəf məlumatı qəbul edə bilir.

Beləliklə, xüsusilə kiçik PUA-lar və qanadlı raketlər kimi aşağı radar görünürlüğünə malik hədəflərə qarşı effektivlik artırılır. FIM-92K hədəfin yaydığı infraqırmızı və ultrabənövşəyi izləri izləyən passiv infraqırmızı/ultrabənövşəyi axtarış başlığı ilə təchiz olunub.

İki diapazonlu bu axtarış başlığı hədəfin seçilmə qabiliyyətini artırmaqla yanaşı, istilik tələləri kimi əks-tədbirlərə qarşı daha yüksək dayanıqlıq təmin edir. Bununla yanaşı, “Stinger” ailəsinin əsas üstünlüklərindən biri olan “atdım-unutdum” prinsipi də qorunub saxlanılıb.

Mütəxəssislər hesab edirlər ki, FIM-92K xüsusilə kiçik PUA-lar və qanadlı raketlərə qarşı təkmilləşdirilmiş sensor imkanları sayəsində müasir əməliyyat mühitində klassik daşınan hava hücumundan müdafiə sistemlərindən daha yüksək effektivlik nümayiş etdirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Braziliya   Stinger  


Bizi "telegram"da izləyin