Məhkəmə Karapetyanın Simonyana qarşı iddiasını icraata qəbul edib

2026/06/1781629624.jpg
Oxunub: 184     21:05     16 İyun 2026    
Məhkəmə “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın Ermənistan parlamentinin sədri Alen Simonyana qarşı qaldırdığı iddianı icraata qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

İddiaya əsasən, Samvel Karapetyan Alen Simonyanın 2026-cı il mayın 19-da “Facebook” və “TikTok” platformalarında onun barəsində səsləndirdiyi fikirləri açıq şəkildə təkzib etməsini tələb edir.

Simonyan həmin açıqlamasında bildirmişdi ki, hüquq-mühafizə orqanları başqa bir ölkənin kəşfiyyat xidmətinin əməkdaşı tərəfindən Ermənistanda siyasi partiya yaradılmasının və siyasətə qoşulmasının nə dərəcədə qanuni olduğunu araşdırmalıdır.

İddia ərizəsində tələb olunur ki, təkzib Alen Simonyanın “Facebook” və “TikTok” səhifələrində əlavə şərh verilmədən və ilkin paylaşım ilə eyni görünürlük səviyyəsində dərc edilsin.

Bundan başqa, Samvel Karapetyan böhtana görə kompensasiya kimi Alen Simonyandan 6 milyon dram məbləğində vəsaitin tutulmasını, həmçinin dövlət rüsumu və vəkil xidmətləri də daxil olmaqla məhkəmə xərclərinin ödənilməsini tələb edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karapetyan   Simonyan   Ermənistan  


Bizi "telegram"da izləyin