Rus qoşunlarının yeni yerləşdirilməsi NATO-nu parçalamaq üçün növbəti plan ola bilərmi?

2026/06/Ekran-1781512816.jpg
Oxunub: 184     12:55     15 İyun 2026    
Vaşinqtonda yerləşən “Jamestown Foundation” analitik mərkəzi ehtimal edir ki, Rusiya Baltikyanı ölkələri bir neçə gün ərzində ələ keçirməyə və bunu Qərbə artıq baş vermiş fakt kimi təqdim etməyə cəhd göstərə bilər.

Danimarkanın dövlət yayımçısı DR-nin məlumatına görə, Ukraynadakı müharibə başa çatdıqdan sonra Rusiya NATO-nun şimal və Baltikyanı sərhədləri boyunca 115 mindən çox hərbçi cəmləşdirməyi planlaşdıra bilər.

DR bu gözlənilməz iddianı kanalın yayımladığı yeni “War Plan Europe” sənədli filmində səsləndirib. Filmə görə, Kreml artıq Ukraynadan sonrakı dövrdə NATO ilə bağlı ssenarilərə hazırlaşır. Bu iddia vəziyyəti yaxşı bilən bir sıra Skandinaviya kəşfiyyat rəhbərləri və NATO rəsmilərinin məlumatlarına əsaslanır.

Lakin rəsmilərin sözlərinə görə, Rusiyanın NATO-ya qarşı növbəti mərhələdə həyata keçirəcəyi “hibrid müharibə”nin 2022-ci ilin fevralında Ukraynaya qarşı başladılan işğala bənzəməsi ehtimalı azdır. “Bu, bütün ölçülərdə aparılan müharibə olacaq. Quru, hava, dəniz, kosmos və kiberməkanda baş verəcək”, - deyə Danimarka general-mayoru Brayan Nissen bildirib.

General əlavə edib ki, Rusiyanın hərbi qüvvələr toplaması halında NATO sadəcə geri çəkilməyəcək. DR isə bunun “demokratiyanın harada yaşaya biləcəyini müəyyən edəcək mövcudluq müharibəsi” olacağını qeyd edib.

Rusiya Ukraynanı məğlub edə bilmədi, bəs NATO ilə necə mübarizə aparacaq?

Fakt budur ki, Rusiya təxminən dörd il yarımlıq döyüşlərdən sonra belə Ukraynanı məğlub edə bilməyib. Bu həftənin əvvəlində Ukrayna Prezidenti Volodimir Zelenski cəsarətli şəkildə bəyan edib ki, Rusiya cəbhədə təşəbbüsü itirir və Ukrayna işğal olunmuş ərazilərin geri alınması prosesini sürətləndirir.

Əlbəttə, bu cür bəyanatlar əvvəllər də səsləndirilib. 2023-cü ildə Ukraynanın əks-hücum əməliyyatının ölkənin şərq hissəsinin işğaldan azad olunmasında daha böyük nəticələr verəcəyi gözlənilirdi. Lakin hücum lazımi sürəti qazana bilmədi və Kiyevə böyük itkilər bahasına başa gəldi. Bu isə 2024 və 2025-ci illərdə Rusiyanın hücumlarına qarşı istifadə edilə biləcək ehtiyatların azalmasına səbəb oldu.

Buna baxmayaraq, Ukraynadakı müharibə artıq Birinci Dünya müharibəsinin müddətini geridə qoysa da, vəziyyət hələ də dalana dirənmiş vəziyyətdədir və bu qarşıdurma Rusiyaya ağır zərbələr vurub. Müharibə Rusiyanın iqtisadiyyatını, geosiyasi mövqeyini və ordusunu zəiflədib. Rusiya bir milyondan çox itki verib və böyük həcmdə hərbi texnika itirib. Bu faktlar fonunda haqlı sual yaranır: Ukrayna qarşısında bu qədər çətinlik çəkən Rusiya NATO üçün necə ciddi təhdid yarada bilər?

Kreml NATO-nun Baltikyanı ölkələr uğrunda döyüşəcəyinə inanmır

Görünür, cavab ondan ibarətdir ki, Rusiya NATO ilə eyni vaxtda qarşıdurmaya girməyi planlaşdırmır. Əksinə, bəzi analitiklər hesab edirlər ki, Moskva İkinci Dünya müharibəsindən sonra formalaşmış alyansı onun bütün üzvlərinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəyə sadiqliyini şübhə altına almaqla zəiflətməyə çalışır.

“Rusiyanın yüksək vəzifəli rəsmiləri artıq açıq şəkildə bəyan edirlər ki, NATO üzvü olan Baltikyanı ölkələr Moskvanın onlara hücum edəcəyi halda alyansın onların köməyinə gələcəyinə və müqavilənin 5-ci maddəsinin işləyəcəyinə arxayın olmamalıdırlar”, - deyə “Jamestown Foundation”un son hesabatında qeyd edilir.

İllər ərzində keçirilən çoxsaylı NATO hərbi oyunlarında Rusiyanın NATO səfərbərlik edə bilməmişdən əvvəl Baltikyanı ölkələri işğal etməsi və nəzarətə götürməsi ssenarisi nəzərdən keçirilib. Əgər Kreml bunu sürətlə həyata keçirə bilsə, Baltikyanı ölkələrin ələ keçirilməsini artıq baş vermiş fakt kimi NATO qarşısında qoya bilər. Bu halda alyans üzvləri ya 5-ci maddədən faktiki imtina etməli, ya da Rusiya ilə böyük müharibəyə başlamalı olacaqlar.

Bu parçalanma prosesinə dolayı yolla ABŞ Prezidenti Donald Trampın administrasiyası da təsir göstərir. Tramp NATO-ya dəstək verməkdə həmişə ehtiyatlı mövqe nümayiş etdirib. O, 2024-cü il seçki kampaniyası zamanı alyansı tənqid edərək bildirib ki, müdafiə xərcləri ilə bağlı öhdəliklərini yerinə yetirməyən müttəfiqlərə qarşı Rusiya “nə istəyirsə edə bilər”.

Trampın ikinci prezidentlik müddətinin başlanmasından bəri Vaşinqtondan verilən mesaj aydın olub: ABŞ artıq NATO-ya əvvəlki kimi inanmır. Prezident yaz ayları boyunca NATO üzvlərinin İranla qarşıdurmada ABŞ-ni kifayət qədər dəstəkləmədiklərindən narazılığını ifadə edib. Administrasiyanın digər üzvləri də alyansı açıq şəkildə tənqid ediblər.

Rusiya hazırda bu fikir ayrılıqlarından istifadə etməyə çalışır. NATO tərəfindən real çəkindirmə mövcud olduğu müddətdə Moskvanın Baltikyanı ölkələri işğal etməsi ehtimalı olduqca aşağıdır. Lakin bu çəkindirmə ya NATO-nun formal dağılması, ya da alyans daxilindəki siyasi parçalanma səbəbindən zəifləyərsə, Kreml üçün imkan yarana bilər. Bu ssenari 1940-cı ilin iyununda Sovet İttifaqının Estoniya, Latviya və Litvada məhdudiyyətsiz sayda Qırmızı Ordu qüvvələrinin yerləşdirilməsini və sovetyönlü hökumətlərin qurulmasını tələb edən ultimatumlarını xatırlada bilər.

NATO Moskvanın düşündüyündən daha möhkəmdir

NATO liderlərinin bir qismi daha nikbin mövqedədir. Cümə axşamı NATO-nun baş katibi Mark Rütte ABŞ-nin transatlantik hərbi alyansa sadiq qaldığına inandığını bildirib. “ABŞ NATO-ya tam sadiqdir”, - deyə Rütte Brüsseldə Norveçin Baş naziri Yonas Qar Störe ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

O, həmçinin qeyd edib: “Biz bu sadiqliyi hər gün alyans boyunca, ABŞ qoşunlarının Avropada yerləşdirilməsində, ABŞ-nin alyansdakı liderliyində və kollektiv müdafiəyə verdiyi töhfələrdə görürük”.

Rusiya NATO-nu parçalamağa çalışmaqda davam edə bilər. Lakin son hadisələr alyansın daha da böyüməsinə və güclənməsinə gətirib çıxarıb. Tarixən neytral mövqe tutan Finlandiya və İsveç müvafiq olaraq 2023 və 2024-cü illərdə NATO-ya qoşulublar. Bu, hətta Soyuq müharibənin ən gərgin dövründə belə baş verməmişdi.

Bundan əlavə, Almaniya Litvada tank briqadası yerləşdirir. Bu, İkinci Dünya müharibəsindən sonra alman qoşunlarının ilk dəfə daimi əsasda xarici ölkədə yerləşdirilməsidir. Bu addımın məqsədi Baltik dənizindəki Rusiyanın Kalininqrad vilayəti ilə Rusiyanın müttəfiqi olan Belarus arasında yerləşən dar Suvalki dəhlizini qorumaqdır. Həmin dəhliz Rusiyanın Baltikyanı ölkələri Avropanın qalan hissəsindən ayırmaq üçün istifadə edə biləcəyi strateji ərazi hesab olunur.

Rusiya NATO-nu parçalamağa ümid edə bilər, lakin alyansın təməli hələ də kifayət qədər möhkəmdir. Qoşunların artırılması və aqressiyanın gücləndirilməsi isə böyük ehtimalla NATO-nu daha da gücləndirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   NATO  


Bizi "telegram"da izləyin