“Bloomberg”: Hörmüz boğazında ticarət gəmiçiliyi yalnız bir neçə aydan sonra bərpa oluna bilər

2026/05/1779768577.jpg
Oxunub: 197     15:18     15 İyun 2026    
Hörmüz boğazında ticarət gəmiçiliyinin ABŞ və İran arasında razılaşma imzalandıqdan yalnız bir neçə ay sonra əvvəlki səviyyəyə qayıda biləcəyi bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ekspertlərə istinadən məlumat yayıb.

Ekspertlərin fikrincə, yükdaşımaların müharibədən əvvəlki həcmə qayıtması uzun müddət tələb edəcək, çünki gəmi sahiblərinin, sığorta şirkətlərinin və neft emalı zavodlarının etimadını yenidən bərpa etmək lazımdır.

Qeyd olunur ki, bir çox alıcı artıq yaranmış problemlərə uyğunlaşaraq alternativ marşrutlar və tədarük mənbələri tapıb.

Çikaqoda fəaliyyət göstərən “Karobaar Capital LP” şirkətinin investisiya direktoru Harris Xurşidin sözlərinə görə, bazar boğazın açılmasını bir anda baş verən proses kimi qiymətləndirməyə meyllidir, lakin əslində bu, uzunmüddətli prosesdir.

“Boğazın açılması və ticarət axınlarının normallaşması eyni şey deyil”, - deyə o bildirib.

Xurşid əlavə edib ki, bir çox alıcı alternativ marşrutlar və ehtiyatlar yaratmaq üçün aylarla vaxt sərf edib və boğaz açıldıqdan dərhal sonra əvvəlki vəziyyətə qayıtmağa tələsməyə bilər.

“Saxo Markets” şirkətinin baş investisiya strateqi Çaru Çanana da hesab edir ki, boğazın açılması ilə bağlı nikbinliyə baxmayaraq, praktik vəziyyət daha mürəkkəb olacaq.

Onun sözlərinə görə, minaların təmizlənməsi, sığorta xərcləri, limanların yüklənməsi və geosiyasi risklər neft axınlarının gözləniləndən daha yavaş bərpasına səbəb ola bilər.

Daha əvvəl “Mehr” agentliyi bildirmişdi ki, İran və ABŞ arasında razılaşma imzalandıqdan sonra Hörmüz boğazı 30 gün ərzində tam açılacaq.

Məlumata görə, Vaşinqton bir ay ərzində İran limanlarının dəniz blokadasını aradan qaldırmağı və qüvvələrini İranla həmsərhəd bölgələrdən çıxarmağı öhdəsinə götürəcək.

Bundan əlavə, ABŞ yekun danışıqlar mərhələsində yeni antiiran sanksiyaları tətbiq etməyəcək və Yaxın Şərqə əlavə qüvvələr yerləşdirməyəcək.

Eyni zamanda atəşkəs rejimi dərhal və bütün cəbhələrdə, o cümlədən Livanda qüvvəyə minməlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Gəmi  


Bizi "telegram"da izləyin