“168.am”: Ermənistan ordusunun “cəza yeri” kimi qəbul edilməsində günahkar kimdir?

2026/06/1781160219.jpg
Oxunub: 204     14:42     15 İyun 2026    
Ermənistanda ehtiyatda olan vətəndaşların 25 günlük təlim toplanışlarına çağırılması ətrafında yaranan müzakirələr yenidən ordunun siyasi məqsədlər üçün istifadə edilib-edilməməsi məsələsini gündəmə gətirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın 168.am nəşri “Ordunun “cəza yeri” kimi qəbul edilməsində günahkar kimdir? Müxalifətçilərin 25 günlük təlim toplanışlarına çağırılması siyasidir?” başlıqlı məqaləsində yazıb.

Nəşr xatırladır ki, iyunun 4-də Rusiya Federasiyasından Ermənistana gələn bəzi vətəndaşlara sərhəd-keçid məntəqələrində təlim toplanışları ilə bağlı bildirişlərin təqdim olunması barədə məlumatlar yayılmışdı. Ermənistanın müdafiə naziri Suren Papikyan isə buna cavab olaraq bildirmişdi ki, bildirişlərin təqdim olunması müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir və hava limanında birbaşa çağırış vərəqələrinin verilməsi mümkün deyil.

Papikyan daha sonra vurğulamışdı ki, Ermənistan vətəndaşı olan və hərbi vəzifə daşıyan şəxslərin təlim toplanışlarına cəlb olunması təbiidir və bu, yalnız Rusiyadan gələnlərə deyil, digər ölkələrdən qayıdan vətəndaşlara da şamil oluna bilər.

Məqalədə qeyd olunur ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eduard Asryan da ehtiyatda qeydiyyatda olan bütün şəxslərin növbə ilə təlim toplanışlarına cəlb edilməli olduğunu bildirib və seçici yanaşmanın mövcudluğu ilə bağlı iddiaları qəbul etməyib.

Bununla belə, nəşr hesab edir ki, problem qanunun özündə deyil, onun tətbiqi ilə bağlı ictimai təsəvvürdədir. Müəllifin fikrincə, mövcud hakimiyyətin nümayəndələrinin əvvəlki bəyanatları ordunun və təlim toplanışlarının bəzən siyasi təzyiq aləti kimi təqdim olunmasına səbəb olub.

Nəşr bu kontekstdə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın seçkilərdən əvvəl Rusiyadan gələcək seçicilərlə bağlı açıqlamasını xatırladıb. Papoyan bildirmişdi ki, Ermənistana gələcək şəxslərin bir hissəsinin təlim toplanışlarına göndərilməsi mümkün ola bilər.

Daha sonra Baş nazir Aparatı rəhbərinin müavini Taron Çaxoyan da Rusiyadan seçkilərdə iştirak etmək üçün gələn Ermənistan vətəndaşlarının 25 günlük təlim toplanışlarına cəlb edilməli olduqlarını bildirmişdi. O qeyd etmişdi ki, vətəndaşlar seçki hüququndan istifadə etdikləri kimi, dövlət qarşısındakı öhdəliklərini də yerinə yetirməlidirlər.

“Hakimiyyət nümayəndələrinin bu tip bəyanatları təlim toplanışlarının siyasi məqsədlərlə əlaqələndirilməsi barədə şübhələri gücləndirib. 2022-ci ildə parlamentin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Andranik Köçəryan müxalifət aksiyalarında iştirak edən şəxslərin məlumatlarının Müdafiə Nazirliyinə ötürülməsi ilə bağlı çağırış etmişdi.

Təlim toplanışları ilə bağlı mübahisələr bu qədər geniş yayılmazdı, əgər hakimiyyət nümayəndələri özləri belə bir atmosfer formalaşdırmasaydılar. Prosesin şəffaf aparılması və hakimiyyət nümayəndələrinin ailə üzvlərinin də eyni qaydalarla təlim toplanışlarına cəlb olunması bu şübhələri azalda bilərdi”, - dyə müəllif yazıb.

Məqalədə ayrıca olaraq Baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanın hərbi xidmətini başa vurduqdan sonra niyə indiyədək təlim toplanışlarına çağırılmaması məsələsinə də toxunulub. Nəşr bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin cavabına görə, 2023-2026-cı illərdə Aşot Paşinyanın hərbi ixtisası üzrə ehtiyatda olan şəxslərin cəmi 4,7 faizi təlim toplanışlarına cəlb edilib və o, hələlik həmin siyahıya daxil edilməyib.

“Təlim toplanışlarının təşkilində qanunvericilikdə müəyyən boşluqlar mövcuddur. Xüsusilə, bildirişlərin hansı müddətdə təqdim olunmalı olduğu və vətəndaşların nə qədər vaxt sonra təlimə göndərilməli olduqları barədə dəqiq mexanizmlərin olmaması müxtəlif yozumlara imkan yaradır. 2026-cı ildə Ermənistanda 20 min ehtiyatda olan şəxsin təlim toplanışlarına çağırılması planlaşdırılır”, - deyə nəşr qeyd edib.

Müəllif yarızarafat, yarıciddi şəkildə parlament üzvləri və hökumət nümayəndələrinin də belə təlimlərə cəlb olunmasının faydalı ola biləcəyini vurğulayaraq, ordunun cəza vasitəsi deyil, dövlətin təhlükəsizliyi üçün vacib institut kimi qəbul edilməsinin əhəmiyyətini qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu   Təlim  


Bizi "telegram"da izləyin