Kallas İran və ABŞ arasında atəşkəs şəraitində Hörmüz boğazının açılmasının vacibliyini vurğulayıb

2026/06/1780328443.jpg
Oxunub: 190     13:27     15 İyun 2026    
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas İran və ABŞ arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı əldə olunan razılaşmanı alqışlayıb.

Ordu.az xəbər verir ki, bu barədə o, Aİ xarici işlər nazirlərinin görüşü öncəsində jurnalistlərə açıqlamasında danışıb.

Kallas bildirib ki, bütün ölkələr Hörmüz boğazının yenidən açılmasını görmək istəyir.

“Biz bu addımı səmimi şəkildə alqışlayırıq və ümid edirik ki, razılaşma cümə günü imzalanacaq. Çünki hamıya həm açıq Hörmüz boğazı, həm də müharibənin real şəkildə başa çatması lazımdır”, - deyə o vurğulayıb.

Aİ rəsmisi atəşkəsin uzunmüddətli olacağına ümid etdiyini də qeyd edib.

Kallasın sözlərinə görə, Aİ xarici işlər nazirləri yaranmış vəziyyətin nizamlanmasına necə töhfə verə biləcəklərini müzakirə edəcəklər.

O bildirib ki, Brüssel İran, ABŞ və Fars körfəzi regionundakı tərəfdaşlarla daimi təmasdadır.

Kallas xüsusilə vurğulayıb ki, Avropa İttifaqı İranın nüvə proqramı ilə bağlı danışıqlarda faydalı rol oynaya bilər.

Xatırladaq ki, Pakistanın Baş naziri Şahbaz Şərif daha əvvəl ABŞ və İranın hərbi əməliyyatların dayandırılması barədə razılığa gəldiyini və iyunun 19-da İsveçrədə qarşılıqlı anlaşma memorandumu imzalayacaqlarını açıqlamışdı.

ABŞ Prezidenti Donald Tramp isə İranın ABŞ tərəfindən həyata keçirilən dəniz blokadasının başa çatdığını və Hörmüz boğazında gəmi hərəkətinin bərpa olunduğunu bildirmişdi.

Onun sözlərinə görə, İran boğazdan keçən gəmilərdən rüsum almayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kallas   İran   ABŞ  


Bizi "telegram"da izləyin