Rusiyalı analitik: “Aİ ilə bağlı kurs Ermənistan üçün Avrasiya İqtisadi Birliyində problemlər yaradır”

2026/06/1781193313.jpg
Oxunub: 203     20:04     11 İyun 2026    
“Ermənistanın Avropa gələcəyi görünmür, lakin bu qeyri-müəyyən məqsəd ölkə üçün Avrasiya İqtisadi Birliyində problemlər yaradır”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı analitik Viktor Nadein-Rayevski Ermənistan-Rusiya münasibətlərinin perspektivlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərində yaxın vaxtlarda ciddi dönüşün baş verməsi ehtimalı azdır.

Analitik hesab edir ki, Rusiya məsələni artıq kifayət qədər yüksək səviyyəyə qaldırıb və problem Avrasiya İqtisadi Birliyinin rəhbərləri səviyyəsində müzakirə olunan mövzuya çevrilib, buna görə də prosesin hansısa mərhələdə dayanacağı inandırıcı görünmür.

Bununla yanaşı, Nadein-Rayevski qeyd edib ki, Ermənistan hakimiyyəti qarşıdakı görüş baş tutacağı təqdirdə vəziyyəti yumşaltmağa və ya müəyyən anlaşma nöqtələri tapmağa çalışacaq.

“Bunun nə dərəcədə uğurlu olacağını demək çətindir. Çünki Avrasiya İqtisadi Birliyi mövcuddur və onun gündəliyi Avropa İttifaqı ilə uzlaşmır. Buna görə də hazırda məsələ Rusiya və digər tərəfdaşlar tərəfindən kifayət qədər aydın şəkildə qoyulub. Ermənistan Avropa İttifaqına üzvlük kursundan imtina etsəydi, vəziyyət fərqli olardı. Lakin Ermənistan hakimiyyəti ilə Avropa rəsmiləri arasında münasibətlərin dərinliyini nəzərə alsaq, bu, mümkün görünmür”, - deyə analitik bildirib.

Onun fikrincə, problemin əsas mahiyyəti Ermənistanın Avropa gələcəyinin real və görünən olmamasıdır.

“Lakin görünməyən və qeyri-müəyyən olan bu məqsəd Ermənistan üçün Avrasiya İqtisadi Birliyində problemlər yaradır. Düşünürəm ki, Avrasiya İqtisadi Birliyinin təklif etdiyi kimi referendum keçirilməsi düzgün olardı. Qərarı ya Ermənistan hakimiyyəti, ya da referendum yolu ilə xalq verməlidir”, - deyə Nadein-Rayevski vurğulayıb.

O qeyd edib ki, Avrasiya İqtisadi Birliyi insanlara real nəticələr nümayiş etdirib.

“Ermənistanın Avrasiya İqtisadi Birliyi ölkələri ilə ümumi sərhədi yoxdur. Buna baxmayaraq, ölkə iqtisadi baxımdan uğurla inteqrasiya olunub və iqtisadi inteqrasiyadan, həmçinin birlik məkanındakı ticarət-iqtisadi güzəştlərdən faydalanır. Məhz buna görə Ermənistan hakimiyyəti KTMT-də iştirakını dondurub, lakin Avrasiya İqtisadi Birliyində fəaliyyətini davam etdirmək istəyir”, - deyə o bildirib.

Analitik hesab edir ki, seçkilərin nəticələri rəsmən təsdiqləndikdən sonra tərəflər arasında görüş baş tutarsa, həmin görüş əsas xarakter daşıyacaq və bir çox məsələlərə aydınlıq gətirəcək.

“Avropa İttifaqının da aktivləşəcəyi aydındır. Onlar Ermənistanın Avropa gələcəyini geri dönməz etməyə çalışacaq, görünür, Ermənistana yeni səfərlər də olacaq. Buna görə seçki prosesləri başa çatdıqdan sonra kifayət qədər dinamik mərhələ başlayacaq və bu mərhələ bir sıra suallara cavab verəcək”, - deyə Viktor Nadein-Rayevski qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rayevski   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin