“Kruppist Dövr”dən bu günə müdafiə sənayesinin transformasiyası

2026/06/1781193152.jpg
Oxunub: 273     19:59     11 İyun 2026    
Dünya tarixi hərbi-texnoloji sıçrayışların mövcud siyasi nizamları dağıdaraq yeni dövrlər açdığı nümunələrlə zəngindir. Fateh Sultan Mehmetin hərbi dühası ilə tökdürdüyü şahı topları Orta əsrlərin aşılmaz feodal qalalarını dağıdaraq Yeni Dövrün geosiyasətini necə formalaşdırdısa, İkinci Dünya müharibəsinin sonunu gətirən “Manhetten Layihəsi” də atom bombası vasitəsilə bəşəriyyəti ikiqütblü nüvə qorxusu balansının idarə etdiyi müasir qlobal sistemə daşıdı və müharibə ekosistemlərinin qlobal təhlükəsizlik arxitekturasını kökündən dəyişdirdi.

Texnologiyanın beynəlxalq sistemi formalaşdırması

Texnologiyanın beynəlxalq sistemi bu qədər radikal şəkildə yenidən qurduğu müasir və sənaye dövrünün ən mühüm nümunələrindən biri XIX əsrin sonlarında yaşanıb. Bu çərçivədə 1870-1871-ci illər Prussiya-Fransa müharibəsinin Prussiyanın qəti qələbəsi ilə başa çatması qlobal sistemin struktur baxımından yenidən formalaşdığı böyük dönüş nöqtəsi olub. “Krupp” toplarının mənzil, dəqiqlik və atəş gücü baxımından Fransa ordusunun lülədən doldurulan bürünc topları üzərində qazandığı üstünlük müharibənin taleyini müəyyən edən amillərdən biri idi. Sedan döyüşündə “Krupp”un arxadan doldurulan döymə polad topları müasir sənaye potensialının hərbi doktrina və siyasi arxitektura üzərindəki transformasiyaedici təsirini açıq şəkildə nümayiş etdirdi. Məhz bu hərbi və sənaye qırılması mənim “Klassik Kruppist Dövr” adlandırdığım mərhələnin başlanğıcı oldu.

Prussiya-Fransa müharibəsində istifadə olunan “Krupp” texnologiyasından ilhamlanaraq ədəbiyyata daxil olan “Kruppizm” anlayışı müharibəni və dağıntıları şəxsən yaşamış fransız yazıçısı Corc Sand tərəfindən militarist sənayeləşməyə yönəlmiş fəlsəfi tənqid kimi işlədilib. Sonradan H. G. Uells bu anlayışı kapitalist mənfəət ehtirası ilə birləşən Almaniya silah sənayesinin qlobal sistemi müharibəyə sürükləyən struktur xarakterini izah etmək üçün genişləndirib.

“Kruppizm” anlayışı, inkişafı və təkamülü

Bu gün Kruppizm yalnız tarixi anlayış deyil, həm də müasir dövlətlərin müdafiə sənayesi vasitəsilə güc istehsal etməsini, nüfuz qurmasını və xarici siyasət imkanları formalaşdırmasını izah edən analitik çərçivə kimi nəzərdən keçirilməlidir. Teylorizm, Fordizm və Toyotizm istehsal tarixini anlamaq üçün necə funksional anlayışlardırsa, Kruppizm də müdafiə sənayesində qlobal miqyasda fəaliyyət göstərən şirkətlərin dövlət ağlı (raison d'Etat) ilə tam inteqrasiya olunaraq struktur xarici siyasət alətinə çevrilməsini, ittifaq dairələri qurmaq üçün vasitə rolunu oynamasını və suverenlik münasibətlərini formalaşdıran asimmetrik asılılıqlar yaratmasını izah etmək üçün oxşar funksiyanı yerinə yetirir.

Çünki Kruppizm müdafiə sənayesini yalnız zavodlarda istehsal olunan silah sistemləri kimi qəbul etmir. O, həmin sistemlərin arxasında duran diplomatik əlaqələri, təchizat asılılıqlarını, təlim və texniki xidmət şəbəkələrini, texnologiya transferini və alıcı dövlətlə qurulan uzunmüddətli strateji münasibətləri birlikdə qiymətləndirir. Bu baxımdan anlayış Duayt D. Eyzenhauerin 1961-ci ildəki məşhur vida nitqində konsepsiyalaşdırdığı Hərbi-Sənaye Kompleksi (Military-Industrial Complex - MIC) nəzəriyyəsindən keyfiyyət baxımından fərqlənir. Eyzenhauerin modeli müdafiə sənayesinin daxili siyasət, büdcə və demokratik institutlar üzərində yaratdığı təhlükəyə fokuslandığı halda, Kruppizm bu strukturun xarici siyasətdə nüfuz və struktur asılılıq yaratmaq mexanizmi kimi necə işlədiyini ortaya qoyur.

1871-1918-ci illəri əhatə edən “Klassik Kruppist Dövr”də “Krupp” və “Mauser” kimi silah şirkətləri, onları maliyyələşdirən Lüdviq Löve və Gerson Bleyxreder kimi maliyyə aktorlarının yaratdığı qlobal ticarət şəbəkələri və nəhayət Von der Qolts və Emil Körner kimi hərbi müşavirlər Berlinin “Qlobal Güc” (Weltmacht) vizyonunun mühüm vasitələrinə çevrilmişdi. Osmanlı İmperiyası və Latın Amerikası bazarlarında demək olar ki, qüsursuz işləyən Kruppist Xarici Siyasət modeli silah ticarətinin təkcə iqtisadi qazanc deyil, həm də diplomatik nüfuz və strateji uyğunlaşma yaradan vasitə olduğunu göstərdi. 1918-ci ildə Almaniya İmperiyası və Hohensollern sülaləsi siyasi hakimiyyəti itirsə də, Krupp ailəsi və şirkəti fəaliyyətini davam etdirdi.

Versal sistemi də Kruppizmi sona çatdırmadı. Əksinə, onu daha dolayı, daha çevik və gizli xarakterli formaya çevirdi. Silahsızlaşdırılan Berlin, başda “Krupp” olmaqla müdafiə sənayesi aktorları vasitəsilə hərbi-texnoloji potensialını sərhədlərdən kənara daşıdı. İsveçdə “Bofors”, Niderlandda “Siderius” və Sovet Rusiyasındakı Lipetsk və Kama mərkəzli gizli əməkdaşlıqlar Almaniyanın elmi-tədqiqat və inkişaf potensialının örtük şirkətlər, texniki tərəfdaşlıqlar və gizli şəbəkələr vasitəsilə davam etdirilməsinə imkan verdi.

Bu səbəbdən 1918-1945-ci illər arası dövr “Totaler Krieg”, yəni “Topyekun Müharibə” anlayışından çıxış edilərək “Topyekun Kruppizm Dövrü” kimi xarakterizə oluna bilər. Bu dövrdə müdafiə sənayesi yalnız diplomatiyanın dəstək elementi olmaqdan çıxaraq dövlətlərin iqtisadi, elmi və ictimai potensialını özündə birləşdirən nəhəng müharibə iqtisadiyyatının mərkəzinə yerləşdi. 1930-cu illərdən etibarən totalitar rejimlərin yüksəlişi ilə bu irs daha ideoloji, daha aqressiv və daha əhatəli xarakter aldı. Bu kontekstdə müdafiə sənayesi də topyekun müharibə dövlətinin əsas dayaqlarından birinə çevrildi.

İkinci Dünya müharibəsindən sonra Kruppizm bu dəfə ikiqütblü “Bloklar Kruppizmi” mərhələsinə keçdi. Soyuq müharibə dövründə bir ölkənin istifadə etdiyi tüfəngdən tutmuş təyyarəsinin radar tezliyinə qədər hər bir element sistemli bir “Silah Qardaşlığı” (Waffenbrüderschaft) yaradırdı. Eyni silah sistemindən istifadə etmək böhran anında sursat, ehtiyat hissələri, texniki xidmət və təlim xətləri vasitəsilə istehsalçı mərkəzə bağlı olmaq demək idi.

Həqiqətən də Vaşinqton bu asılılıq münasibətini NATO daxilində standartlaşdırma mexanizmləri vasitəsilə dərinləşdirərkən, Moskva Varşava Müqaviləsi çərçivəsində sərt logistika iyerarxiyası qurmuşdu. Bu gün isə həmin model yerini gücün lülənin çapı ilə deyil, süni zəka alqoritmləri, avtonom sistemlər, radioelektron mübarizə, məlumat bağlantıları və mənbə kodları vasitəsilə müəyyən edildiyi “Neo-Kruppist Dövr”ə verib. Çoxqütblü dünyada müdafiə sənayesi geoiqtisadi rəqabətin üzvi komponentidir. Elmi-tədqiqat və inkişaf, maliyyə, diplomatiya, xammal təhlükəsizliyi və təchizat zəncirinin idarə olunması artıq müharibəyə hazırlıq potensialının əsas sütunlarını təşkil edir. Nəhəng müdafiə büdcələrinə baxmayaraq müstəqil hərbi rasionallıq formalaşdıra bilməyən və xarici təhlükəsizlik çətirlərindən asılı qalan aktorların zəifliyi yalnız silah təchizatına yönəlmiş təhlillərin yetərsizliyini göstərir.

Ayrı gəz, birlikdə vur

Bu nöqtədə müdafiə sənayesi ilə xarici siyasətin sinxronlaşdırılması həlledici əhəmiyyət daşıyır. Müdafiə sənayesi yüksək elmi-tədqiqat və inkişaf xərcləri və miqyas iqtisadiyyatı səbəbindən struktur olaraq ixracdan asılıdır. Buna görə də bir ölkənin müdafiə məhsullarının qlobal bazarlarda uzunmüddətli mövqeyə sahib olması yalnız mühəndislik uğuru ilə izah edilə bilməz. Hərbi platformaların ixracı texniki xidmət, təlim, sursat, maliyyələşdirmə, siyasi etimad və diplomatik davamlılıq tələb edir. Başqa sözlə, müdafiə sənayesinin davamlı uğuru xarici siyasətin geosiyasi təsir dairəsi ilə birbaşa bağlıdır.

Moltkenin döyüş meydanı üçün hazırladığı “Getrennt marschieren, vereint schlagen”, yəni “Ayrı gəz, birlikdə vur” prinsipi bu münasibəti anlamaq üçün güclü model təqdim edir. Müdafiə sənayesi öz mühəndislik rasionallığı ilə, diplomatiya isə siyasi və hüquqi dinamika ilə inkişaf etməlidir. Lakin kritik mərhələdə bu iki sahə eyni strateji məqsədə yönəlməlidir. Texniki uğur müvəqqəti döyüş qələbəsi qazandıra bilər, lakin davamlı geosiyasi təsir yalnız diplomatiyanın bu texniki uğuru siyasi müdafiə, həyat dövrünün idarə olunması və institusional doktrina uyğunluğu ilə möhkəmləndirməsi nəticəsində yaranır.

Müharibə tarixi möhtəşəm texnoloji asimmetriyalara və yerli, qısamüddətli uğurlara baxmayaraq, bütöv makrostrategiyanın olmaması səbəbindən faciəvi şəkildə çökmüş dövlətlər və sistemlər haqqında çoxsaylı nümunələrlə zəngindir. Müdafiə məhsulunun qlobal bazarda davamlı yer qazanması və geosiyasi nüfuz sahəsi yaratması, başqa sözlə, döyüşü qazanıb ümumi müharibəni uduzmaması məhz bu sinxronlaşdırma bacarığından asılıdır.

Xammal təchizatının əhəmiyyəti

Bu geosiyasi sinxronlaşdırmanın ən vacib parametrlərindən biri də kritik xammala çıxış təhlükəsizliyidir. Ən yüksək səviyyəli mühəndislik və layihələndirmə imkanlarına malik olunsa belə, təchizat zəncirində baş verəcək hər hansı qırılmanın yaratdığı böhranlar əvəzlənməsi və kompensasiya olunması demək olar ki, mümkün olmayan strateji zəifliklər yarada bilər. Buna görə də bu asimmetrik risklər yalnız qabaqlayıcı diplomatik şəbəkələrin və çoxtərəfli ticarət diplomatiyası alətlərinin eyni vaxtda işə salınması ilə idarə oluna bilər.

Məhz bu səbəbdən müasir “Neo-Kruppist Dövr”də ağıllı sursatların idarəetmə sistemlərindən tutmuş insansız platformaların mühərrik bloklarına qədər hər bir kritik hərbi arxitekturanın görünməyən texniki əsasını Nadir Torpaq Elementləri təşkil edir. “Klassik Kruppist Dövr”də Avropa qitəsinin geosiyasəti və xüsusilə Almaniya üçün Elzas-Lotaringiyanın zəngin kömür və dəmir yataqları nə ifadə edirdisə, bu gün Çinin nadir torpaq elementlərinin ayrılması, emalı və daimi maqnit istehsalı kimi kritik sahələrdə 90 faizə yaxın üstünlüyü də qlobal bazarlarda oxşar strateji veto gücü yaradır.

Hazırkı mərhələdə xammal müharibələri, ən azı hələlik, fiziki sərhəd keçilməsi və ya ənənəvi ərazi ilhaqı ilə deyil, təchizat xətlərinin iflic edilməsi, ixrac kvotaları və ağıllı embarqolar kimi daha incə geoiqtisadi alətlərlə həyata keçirilir.

Türkiyənin müdafiə sənayesi ekosistemi

Bu transformasiya matrisində Türkiyənin son illərdə inkişaf etdirdiyi müdafiə sənayesi ekosistemi xüsusi diqqət çəkir. BAYKAR-ın insanlı və insansız hava vasitələri sistemləri, HAVELSAN-ın komanda-idarəetmə və proqram təminatı həlləri, ASELSAN-ın radioelektron mübarizə, radar və rabitə imkanları, ROKETSAN-ın raket və sursat ailəsi, TUSAŞ-ın hava platformaları, STM-nin dəniz platformaları, TEI və “Kale Grubu”nun mühərrik və alt sistem layihələri Türkiyəni silah idxal edən aktordan çıxararaq təhlükəsizlik arxitekturası ixrac edə bilən ölkəyə çevirir.

Bu ekosistemin strateji dəyəri ayrı-ayrı platformaların uğurundan daha çox, təlim, texniki xidmət, sursat, məlumat bağlantıları, proqram təminatı, radioelektron mübarizə və diplomatik əlaqələrlə birlikdə alıcı ölkələrdə uzunmüddətli təhlükəsizlik tərəfdaşlıqları yarada bilməsindədir. Bu baxımdan Türkiyənin müdafiə sənayesi təşəbbüsü “Neo-Kruppist Dövr”də texniki imkanlarla xarici siyasət düşüncəsinin birlikdə hərəkət etdiyi ölçüdə davamlı geosiyasi təsir yarada biləcək nümunə kimi mövcud olacaq.

Nəticə etibarilə, müdafiə sənayesi yalnız iqtisadi rasionallıqla fəaliyyət göstərən, kommersiya mənfəətinə yönəlmiş klassik istehsal sahəsindən qat-qat artıq məna daşıyır. Müdafiə sənayesi öz mahiyyəti etibarilə birbaşa suverenlik sahəsi ilə səbəb-nəticə əlaqəsinə malik olan, dövlətlərin qlobal sistemdə asimmetrik asılılıq münasibətləri qurmasına və beynəlxalq miqyasda strateji təsir yaratmasına imkan verən geosiyasi arxitekturanın əsas dayaqlarından biridir.

Lakin bu potensialın davamlı geosiyasi dəyərə çevrilməsi üçün “sənaye rasionallığı”, “diplomatik çeviklik”, “xammal təhlükəsizliyi” və “hərbi zərurət” arasında həssas tarazlıq qurulmalıdır. Əks halda ən qabaqcıl sistemlər belə yalnız müvəqqəti uğurlar yaradar. Davamlı təsir isə yalnız müdafiə sənayesi ilə xarici siyasətin “ayrı gəzib birlikdə vurduğu” nöqtədə meydana çıxır.

Dr. Ümit Naci Yorulmaz
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kruppist-Dövr   Müdafiə-sənayesi  


Bizi "telegram"da izləyin