ABŞ Dəniz Piyadaları kamikadze PUA-larını tüfənglə vurmağı hədəfləyir

2026/06/Ekran-1780679966.jpg
Oxunub: 290     21:17     05 İyun 2026    
ABŞ Dəniz Piyadaları korpusu kamikadze Pilotsuz Uçuş Aparatı (PUA) təhdidinə qarşı yeni nəsil döyüş sursatlarının tədarükünə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə “The War Zone” nəşri məlumat yayıb.

Məlumata görə, “Drone Round” şirkəti tərəfindən istehsal olunan 5.56x45 mm çaplı L Variant sursatı M4 və M27 tüfənglərində istifadə olunmaq üçün hazırlanıb.

Sursatın əsas xüsusiyyəti atıldıqdan sonra bir neçə hissəyə parçalanan xüsusi nüvəyə malik olmasıdır. Bu texnologiya kiçik və yüksək sürətlə hərəkət edən hava hədəflərinin vurulma ehtimalını artırır.

Bildirilir ki, yeni sursat xüsusilə Ukraynadakı müharibədə geniş istifadə edilən və son illərdə sürətlə yayılan FPV kamikadze PUA-larına qarşı piyadalara operativ müdafiə imkanı yaratmaq məqsədi daşıyır.

ABŞ Dəniz Piyadalarının Sistemlər Komandanlığı (MARCORSYSCOM) “Drone Round” şirkəti ilə tək mənbəli müqavilə imzalayaraq müəyyən edilməmiş sayda sursat almağı planlaşdırır.

2026-cı ilin dekabrında başa çatdırılması nəzərdə tutulan müqavilə sənədində qeyd olunur ki, 5.56 mm-lik L Variant sursatı Dəniz Piyadalarının kiçik PUA-lara qarşı müdafiə tələblərinə cavab verən yeganə kinetik həll hesab olunur.

Şirkət hazırda iki fərqli versiya təqdim edir. L Variantın nüvəsi 5 hissəyə ayrılır və təxminən 100 metr məsafəyə qədər effektivdir. K Variant isə 8 hissəyə parçalanır və 50 metrədək məsafədə təsirli hesab olunur.

Hər iki sursat mövcud silahlarda heç bir dəyişiklik edilmədən istifadə oluna bilir. Şirkət onların tam avtomatik rejim və səsboğucularla uyğun olduğunu da bildirib.

Bundan əlavə, 7.62x51 mm çaplı versiyaların sınaqları davam etdirilir, ABŞ Ordusunun M7 tüfəngləri üçün nəzərdə tutulan 6.8x51 mm çaplı variantlar üzərində isə iş aparılır.

ABŞ Dəniz Piyadaları bu layihəni 2024-cü ildən etibarən həyata keçirilən “hər bir əsgərin PUA müdafiəsində rol alması” konsepsiyasının bir hissəsi kimi qiymətləndirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA  


Bizi "telegram"da izləyin