ABŞ-də evində 40 milyon dollarlıq qızıl gizlədən keçmiş MKİ əməkdaşı həbs edilib

2026/06/1780683238.jpg
Oxunub: 227     22:12     05 İyun 2026    
ABŞ-nin Virciniya ştatında federal məhkəmə keçmiş yüksəkvəzifəli Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) əməkdaşı Devid Raşın məhkəmə prosesinədək həbsdə saxlanılması barədə qərar verib.

Ordu.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

49 yaşlı Devid Raş dövlət vəsaitlərinin mənimsənilməsi və genişmiqyaslı dələduzluq ittihamları ilə üzləşib.

Federal Təhqiqatlar Bürosunun (FBI) Virciniya ştatındakı evində keçirdiyi axtarış zamanı təxminən 40 milyon dollar dəyərində 303 qızıl külçə, 2 milyon dollar nağd pul və 30-dan çox bahalı qol saatı aşkarlanıb.

İstintaqın məlumatına görə, Raş ötən ilin noyabr ayından bu ilin mart ayınadək xidməti ehtiyac bəhanəsi ilə MKİ-dən külli miqdarda xarici valyuta və qızıl əldə edib.

Təqsirləndirilən şəxsin vəkilləri ittihamların əslində iş vaxtının uçotu ilə bağlı 65 min dollarlıq dələduzluqdan ibarət olduğunu bildirsələr də, prokurorluq onu təxminən 20 il ərzində dövləti aldadan “manipulyasiya ustası” adlandırıb.

Araşdırma zamanı məlum olub ki, 17 il MKİ-də çalışmış və ən yüksək məxfilik icazəsinə malik olmuş Raş öz tərcümeyi-halını da saxtalaşdırıb.

Onun vəzifə almaq üçün “Clemson University” və “Rensselaer Polytechnic Institute” diplomlarını uydurduğu, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş pilotu və ehtiyat donanma üzvü olduğunu iddia etdiyi müəyyən edilib.

Yoxlamalar nəticəsində onun hətta mülki pilot lisenziyasına belə malik olmadığı üzə çıxıb.

Həbs olunmazdan əvvəl Raş ABŞ Müdafiə Nazirliyi yanında MKİ əlaqələndirici zabiti vəzifəsində çalışır və nüvə sualtı qayıqlarının yaradılması proqramını koordinasiya edirdi.

Məlumata görə, qalmaqallı hadisə artıq MKİ-nin bir neçə yüksəkvəzifəli rəhbərinin vəzifədən uzaqlaşdırılması ilə nəticələnib və Vaşinqtonda milli təhlükəsizlik sahəsində çalışan şəxslərin yoxlanılması prosedurları ilə bağlı ciddi suallar yaradıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   MKİ  


Bizi "telegram"da izləyin