“AI Tomorrow Summit 2026”da süni zəkanın strateji və sektoral təsirləri müzakirə olunub - VİDEO
Oxunub: 253
19:40
05 İyun 2026
“AI Tomorrow Summit 2026” tədbirinin ikinci günündə süni zəkanın strateji, sektoral və qlobal təsirləri geniş şəkildə müzakirə edilib.
Ordu.az xəbər verir ki, tədbir Süni Zəka Siyasətləri Assosiasiyası (AIPA) tərəfindən təşkil olunub, “Anadolu” Agentliyi isə qlobal kommunikasiya tərəfdaşı qismində çıxış edib.
“Aviasiya sektorunda süni zəka” adlı paneldə çıxış edən TUSAŞ-ın Rəqəmsal Transformasiya üzrə baş direktor müavini Yavuz Emir Beyribey aviasiya sahəsində süni zəka tətbiqləri, şirkətin bu istiqamətdəki baxışı və texnoloji inkişaf planları barədə məlumat verib.
Beyribey bildirib ki, müdafiə sənayesində və xüsusilə aviasiya sahəsində süni zəka artıq proqnoz deyil, qəbul olunmuş reallıqdır. Onun sözlərinə görə, TUSAŞ insansız hava platformalarının avtonom fəaliyyəti və süni zəka ilə dəstəklənən idarəetmə sistemləri üzərində çalışır.
O vurğulayıb ki, süni zəka yalnız hava platformalarına inteqrasiya olunmuş sistem kimi deyil, bütün şirkət üzrə tətbiq edilən kompleks həll kimi qiymətləndirilməlidir.
Beyribey qeyd edib ki, qərar qəbuletmə proseslərinin süni zəka ilə dəstəklənməsi “qərar üstünlüyü, avtonomluq, korporativ zəka və müstəqil süni zəka” olmaqla dörd əsas istiqamət üzrə inkişaf etdirilir.
Onun sözlərinə görə, KAAN, ANKA və KIZILELMA platformalarını əhatə edən pilotlu və pilotsuz sistemlərin birgə fəaliyyəti üzərində iş aparılır. Döyüş meydanından əldə edilən kəşfiyyat, radar və kamera məlumatları süni zəka dəstəyi ilə emal edilərək döyüş qərarlarının qəbulunda istifadə olunur.
Beyribey əlavə edib ki, müdafiə sənayesində səhvə yer yoxdur və süni zəka sistemlərinin etibarlılığı ən vacib prioritetlərdən biridir.