Çexiya Azərbaycan qazının Ukrayna üzərindən nəqlini planlaşdırır

2026/06/1780673573.jpg
Oxunub: 244     19:31     05 İyun 2026    
Çexiya Azərbaycan qazı və neftinin Ukrayna ərazisi vasitəsilə nəqlinin təşkilində maraqlı olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Andrey Babiş Monteneqroda jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, məsələ may ayında İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə müzakirə olunub.

Babiş qeyd edib ki, Zelenski belə bir tranzitin mümkün ola biləcəyini bildirib.

Çexiyanın Baş naziri vurğulayıb ki, Praqa Azərbaycanla enerji daşıyıcılarının tədarükü üzrə əldə edilmiş bütün razılaşmaları yerinə yetirmək niyyətindədir. O xatırladıb ki, Azərbaycan artıq Çexiyanın əsas neft təchizatçılarından biridir.

Baş nazir tərəflərin iqtisadi əməkdaşlığın genişləndirilməsində və birgə müəssisələrin yaradılmasında maraqlı olduğunu da qeyd edib.

Məlumata görə, Çexiya hər il 2 milyard kubmetr Azərbaycan qazı almağı planlaşdırır. Tədarükün 2028-2029-cu illərdə başlaması nəzərdə tutulur.

Babiş əlavə edib ki, bu layihəyə Çexiyanın ČEZ enerji şirkəti də maraq göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   Azərbaycan   Ukrayna  


Bizi "telegram"da izləyin