Türkiyənin müdafiə və aviasiya sənayesinin ixracı mayda 992 milyon dollara çatıb

2026/01/1769164143.jpg
Oxunub: 255     14:35     05 İyun 2026    
Türkiyənin müdafiə və aviasiya sənayesi 2026-cı ilin may ayında ixrac göstəricilərini əhəmiyyətli dərəcədə artırıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin rəhbəri Haluk Görgün sosial media hesabında paylaşım edib.

O bildirib ki, müdafiə və aviasiya sənayesinin ixracı may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 33,9 faiz artaraq 992 milyon dollara yüksəlib.

Haluk Görgün qeyd edib ki, 2026-cı ilin yanvar-may aylarında ixrac həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 29,5 faiz artaraq 3 milyard 863 milyon dollara çatıb.

Onun sözlərinə görə, əldə olunan nəticələr Türkiyənin müdafiə və aviasiya sənayesinin istehsal gücünün, mühəndislik potensialının, ixrac imkanlarının və beynəlxalq rəqabət qabiliyyətinin real göstəricisidir.

Görgün vurğulayıb ki, yüksək əlavə dəyərə malik məhsullar, effektivliyi sübut olunmuş sistemlər və genişlənən beynəlxalq əməkdaşlıqlar ixrac göstəricilərinin artmasına töhfə verməyə davam edir.

O əlavə edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın müəyyən etdiyi strateji baxış çərçivəsində Türkiyənin müdafiə və aviasiya sənayesi texnologiya hazırlayan, istehsal edən və ixrac edən strukturunu daha da gücləndirir.

İdarə rəhbəri müdafiə sənayesi şirkətlərinə, mühəndislərə, texniki heyətə və bütün tərəfdaşlara təşəkkür edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə-sənayesi  


Bizi "telegram"da izləyin