Erməni hərbi ekspert: “Azərbaycan 44 günlük müharibədə sistemli və kompleks üstünlük sayəsində qələbə qazanıb”

2026/06/1780642213.jpg
Oxunub: 183     15:49     05 İyun 2026    
“Azərbaycan 44 günlük müharibədə təkcə pilotsuz uçuş aparatları hesabına deyil, həm də sistemli və kompleks üstünlük sayəsində qələbə qazanıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Henaket” hərbi-analitik mərkəzinin təsisçisi, hərbi ekspert Vitali Manqasaryan bildirib.

Erməni ekspert mayın 28-də İrəvanda keçirilən hərbi paradda nümayiş etdirilən silah və hərbi texnika nümunələrini şərh edərkən qeyd edib ki, ilk baxışdan nümayiş olunan texnika müsbət təəssürat yaradır.

“Xüsusilə yerli hərbi sənaye tərəfindən hazırlanmış bir sıra həllər diqqət çəkirdi. Bunlar göstərir ki, Ermənistanda mühəndislik düşüncəsi qorunub saxlanılıb və hətta ən çətin şəraitdə belə müdafiə sahəsi üçün yeni həllər təqdim etməyə davam edir.

Lakin başa düşmək lazımdır ki, bu cür texnoloji həllər bir və ya iki ilin məhsulu deyil. Onlar bəzən onilliklər ərzində toplanmış biliklərin, təcrübənin və ardıcıl fəaliyyətin nəticəsidir. Hələ 2016-cı il Aprel döyüşlərindən sonra çoxlu erməni mühəndislər və mütəxəssislər müasir döyüş meydanının tələblərini nəzərə alaraq yeni texnologiyalar üzərində işləməyə başlamışdılar”, - deyə erməni ekspert bildirib.

Onun sözlərinə görə, Ermənistanın müdafiə siyasəti yalnız müdafiə ilə məhdudlaşmamalıdır.

“Təhlükəsizlik heç vaxt yalnız müdafiədən ibarət deyil. Buraya əks-hücum və aktiv əməliyyat elementləri də daxildir. Xüsusilə Azərbaycan kimi ciddi maliyyə, insan və texnoloji resurslara malik rəqib qarşısında hər yeni texnoloji həll nümayiş xarakterinə görə deyil, real döyüş effektivliyi baxımından qiymətləndirilməlidir.

Burada əsas məsələ ondan ibarətdir ki, hərbi paradda nümayiş etdirilən texnikanın dəyəri onun praktiki tətbiqi ilə təsdiqlənməlidir. Nümayişdən mümkün qədər tez genişmiqyaslı təlimlərə keçmək lazımdır. Yalnız bu halda yeni sistemlərin real şəraitə yaxın mühitdə necə işlədiyini, hansı problemlərin yarandığını və hansı təkmilləşdirmələrə ehtiyac olduğunu müəyyən etmək olar”, - deyə Manqasaryan vurğulayıb.

Erməni ekspert hesab edir ki, müasir müharibələrdə uğur ayrı-ayrı texniki vasitələrin deyil, bütöv sistemlərin effektivliyindən asılıdır.

“Hətta ən müasir texnologiyalarla təchiz edilmiş bölmə belə ümumi döyüş idarəetmə və qarşılıqlı fəaliyyət sisteminə inteqrasiya edilməyibsə, öz potensialını tam reallaşdıra bilməz. Bu gün əsas məsələ nümayiş etdirilən texnikanın sayı və ya görünüşü deyil, onun tətbiq mexanizmlərinin nə qədər tez yoxlanılması və təkmilləşdirilməsidir. Müasir müharibələrdə qələbəni texnologiyalar deyil, həmin texnologiyalar ətrafında qurulan sistemlər təmin edir”, - deyə o qeyd edib.

Rusiya-Ukrayna müharibəsinin dərslərinə toxunan Manqasaryan Ermənistanda tez-tez “möcüzə silah” axtarışlarının aparıldığını bildirib.

“Cəmiyyətdə belə təsəvvür yaradılır ki, guya hansısa silah sistemi, istər “İsgəndər”, istər S-400, istərsə də pilotsuz uçuş aparatları təkbaşına qələbə qazandıra bilər. Halbuki müasir müharibələrdə uğur bütöv hərbi sistemin effektivliyindən asılıdır. Bu sistemə kəşfiyyat, rabitə, komandanlıq, hava hücumundan müdafiə sistemləri, artilleriya, aviasiya, pilotsuz uçuş aparatları, logistika və siyasi rəhbərliyin müəyyən etdiyi strateji məqsədlər daxildir”, - deyə erməni ekspert bildirib.

Manqasaryan Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbəyə də toxunub.

“Azərbaycanın yalnız Türkiyə istehsalı pilotsuz uçuş aparatları sayəsində qalib gəldiyini demək həddindən artıq sadələşdirilmiş yanaşmadır. Pilotsuz uçuş aparatları mühüm rol oynasa da, onlar ümumi sistemin yalnız bir hissəsi idi. Azərbaycan dəqiq raket sistemlərindən, İsrail istehsalı silahlardan, müasir kəşfiyyat vasitələrindən, xüsusi təyinatlı bölmələrdən, radioelektron mübarizə vasitələrindən və müxtəlif çaplı artilleriya sistemlərindən geniş istifadə edib.

Bundan başqa, müharibədən əvvəl uzun illər ərzində ordunun yenidən silahlandırılması, hazırlığı və idarəetmə sisteminin modernləşdirilməsi istiqamətində iş aparılmışdı. Buna görə hesab edirəm ki, Azərbaycan müharibədə hər hansı konkret silah növü hesabına deyil, sistemli və kompleks üstünlük sayəsində qələbə qazanıb”, - deyə erməni ekspert vurğulayıb.

Onun fikrincə, həm 44 günlük müharibə, həm də Rusiya-Ukrayna müharibəsi eyni nəticəni ortaya qoyur.

“Bu müharibələr bir mühüm həqiqəti göstərdi: müharibələrdə qalib və ya məğlub olan ayrı-ayrı raketlər, pilotsuz uçuş aparatları və ya hava hücumundan müdafiə sistemləri deyil. Qalib və ya məğlub olan dövlətlərdir, onların siyasi iradəsi, hərbi idarəetməsinin keyfiyyəti, texnoloji imkanları və sistemli fəaliyyətidir”, - deyə Manqasaryan bildirib.

Türkiyə-İsrail münasibətlərinə toxunan erməni ekspert bunun Azərbaycan üçün əlavə imkanlar yaradacağını düşünür.

“Azərbaycan uzun illərdir İsrailin mühüm tərəfdaşlarından biridir. Əgər Türkiyə ilə İsrail arasında münasibətlər tam bərpa olunarsa, Bakı daha əlverişli mövqedə olacaq və iki tərəf arasında körpü rolunu oynaya biləcək. Belə halda Ankara-Bakı-Təl-Əviv xətti üzrə daha güclü əməkdaşlıq formalaşa bilər. Bu isə həm enerji layihələrinə, həm də təhlükəsizlik sahəsinə ciddi təsir göstərəcək”, - deyə Manqasaryan bildirib.

Onun sözlərinə görə, xüsusilə pilotsuz uçuş aparatları, kəşfiyyat texnologiyaları və hava hücumundan müdafiə sistemləri sahəsində əməkdaşlığın genişlənməsi mümkündür.

“Ümumilikdə Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması Azərbaycanın regional mövqelərini daha da gücləndirə və tərəfdaşlıq imkanlarını genişləndirə bilər”, - deyə erməni ekspert sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   Manqasaryan  


Bizi "telegram"da izləyin