Rusiyadan Ermənistana qayıdan şəxsləri nə gözləyir?

2024/02/1709191392.jpg
Oxunub: 296     13:19     05 İyun 2026    
“Son dövrlər Ermənistanın siyasi gündəmində seçki prosesləri ilə bağlı hakimiyyətin mümkün addımları geniş müzakirə olunur. Xüsusilə Rusiyadan Ermənistana qayıdan vətəndaşlarla bağlı səsləndirilən bəyanatlar diqqət mərkəzinə düşüb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Rusiyadan Ermənistana qayıdan kişiləri nə gözləyir?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edir ki, hakim komandanın nümayəndələrindən biri bir neçə gün əvvəl iyunun 7-dək Rusiyadan Ermənistana 100 mindən çox Ermənistan vətəndaşının gələ biləcəyi ilə bağlı məlumatlara münasibət bildirərkən onların bir hissəsinə təlim toplanışları mexanizmlərinin tətbiq oluna biləcəyini bəyan edib.

“Bu açıqlama çoxsaylı suallar doğurub. Bir tərəfdən, ordu və təlim toplanışları növbəti dəfə təzyiq və ya təsir aləti kimi təqdim edilir, digər tərəfdən isə dövriyyədə olan məlumatlar göstərir ki, söhbət təkcə siyasi bəyanatdan deyil, artıq praktiki müstəvidə tətbiq olunan mexanizmlərdən də gedə bilər”, - deyə nəşr qeyd edib.

Məqalədə bildirilir ki, redaksiyanın əldə etdiyi məlumatlara görə, hakimiyyət 55 yaşadək olan və Rusiyadan Ermənistana qayıdan vətəndaşların 25 günlük təlim toplanışlarına cəlb edilməsini nəzərdə tutan prosesi ya müzakirə edir, ya da artıq həyata keçirir.

“Yayılan qiymətləndirmələrə görə, belə addımın məqsədlərindən biri seçki prosesləri üzərində daha geniş nəzarət imkanları əldə etmək, həmçinin bəzi vətəndaşların seçkilərədək Ermənistana qayıtmaq niyyətinə təsir göstərmək ola bilər”, - deyə məqalədə vurğulanıb.

Müəllifin sözlərinə görə, siyasi dairələrdə bu cür addımların seçkilərdə iştirak etmək məqsədilə Ermənistana gələnlərin sayını məhdudlaşdırmaq və ya azaltmaq üçün qabaqlayıcı tədbir kimi qiymətləndirilə biləcəyi barədə fikirlər də səsləndirilir.

“Eyni zamanda müzakirələrin mərkəzində başqa bir sual da dayanır. Hakimiyyət nümayəndələri niyə hesab edirlər ki, Rusiyadan Ermənistana qayıdan vətəndaşlar əsasən səslərini müxalif qüvvələrə verəcəklər? Bu sual hələ də dəqiq cavab tapmayıb və yeni siyasi mübahisələrin predmetinə çevrilməkdə davam edir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin