Ukraynadan yarıunikal addım: BMT-72 ağır piyada döyüş maşını

2018/06/345345_1528533831.png
Oxunub: 2043     16:41     09 İyun 2018    
Bəzi ölkələrin arsenalında seriya istehsalı olan tankların müxtəlif modelləri əsasında hazırlanan ağır piyada döyüş maşınları yer almaqdadır. Adətən bu layihələr baza modelinin tam funksional dəyişikliklərini nəzərdə tutur.

Ukrayna isə BMT-72 layihəsində fərqli bir yanaşma təklif edib. Bu cür ağır zirehli maşın, əsas tankın imkanlarını qorumaqla desant da daşıyırdı.

2000-ci illərin əvvəllərində BMT-72 layihəsi A.A. Morozov adına "Xarkov Maşınqayırma Konstruktor Bürosu" tərəfindən hazırlandı. Orjinal layihə korpusun uzadılmasını və desant bölməsinin yaradılmasını nəzərdə tuturdu.

Eyni zamanda, tankın bütün əsas komponentləri, o cümlədən silahlarla döyüş bölməsi yerində qalırdı. Nəticədə, yeni zirehli vasitə tankların və piyadaların döyüş vasitələrininin əsas keyfiyyətlərini birləşdirdi.


BMT-72-nin ümumi görünüşü: T-72 və T-80UD tanklarının xarakterik xüsusiyyətləri

BMT-72-də baza olaraq, adından göründüyü kimi, seriyalı T-72 əsas döyüş tankından istifadə edilib. Beləliklə, gələcəkdə ağır nəqliyyat vasitələrinin seriya istehsalı mövcud ehtiyat texnikalardan istifadə etməklə həyata keçirilə bilər. Mövcud nümunə ilə maksimum uyğunlaşma həm istehsalı, həm də istismarı asanlaşdıraraq sadələşdirəcək.

Xarkov konstruktorlarının layihəsinə əsasən BMT-72-nin bazası T-72-nin yenidən qurulan korpusundan ibarətdir. O hər tərəfdən zirehli mühafizəni qoruyub saxlamalı idi. Döyüş bölməsinin arxasında, mühərrik bölməsinin qarşısında korpusu iki hissəyə böldülər. Bu hissəyə en kəsiyi qoruyan, korpusun ümumi uzunluğunu artıraran qutuşəkilli əlavə hissə yerləşdirildi.

Bu hissənin peyda olması maşının quruluşuna təsir göstərdi. Əsas korpusda olduğu kimi burada da ön tərəfdə idarəetmə bölməsi və bəzi aqreqatlar yerləşir. Yeni əlavə edilən hissələr özündə desant bölməsinin korpusunu ehtiva edirdi. Arxa bölmədə isə əvvəlki kimi mühərrik və transmissiya quraşdırıldı. Mövcud zirehi bir sıra əlavə asma qurğular və ekranlar ilə təmin etdilər.

Beləliklə, ön hissənin üstünə əlavə bir zireh lövhəsi yerləşdirildi. Yan tərəflərdə isə müxtəlif uzunluqda rezin-metal ekranlar yer aldı. Reklam materiallarında deyilirdi ki, desant bölməsinin yaradılması mühərrikin yenidən işlənməsinə səbəb olub.

T-72 tankının standart mühərriki əvəzinə, BMT-72-yə V.A. Malışev adına "Xarkov zavodu"nun istehsalı olan 6TD-2 mühərrikini quraşdırmaq təklif edildi. 6 slindirli, 12 porşenli, 1200 at gücündə mühərrik kiçik ölçüyə malik idi, bu isə korpusun daxili həcminin bir hissəsini azad etməyə imkan verirdi. Mühərrik planetar avtomatik sürətlər qutusuna birləşdirildi. Fırlanma anı arxa aparıcı dayaqlara verilirdi.

Yan görünüşü, korpusun uzunluğu nəzərə çarpır

Ağır BMP şassisi T-72 tank mexanizmlərinə əsaslanırdı, lakin korpusun uzunluğunun artırılması üçün bəzi dəyişikliklər qaçılmaz idi. Korpusun hər bir tərəfində fərdi torsion asqıya malik yeddi ədəd böyük diametrli dayaq təkərləri mövcuddur. Gərginlik mexanizmi olan bələdçi təkərlər əvvəlki kimi korpusun qabaq hissəsində, aparıcı təkərlər isə arxa tərəfdə yerləşirdi. Tırtılların sayı uzunluğa görə artırıldı.

Öz sinfində, yenidən tanklardan hazırlanan digər nümunələrdən fərqli olaraq, BMT-72 orijinal avadanlıq və silahlarla döyüş bölməsini tam qorudu. Bu halda, məlum olmayan səbəblərdən T-72 qülləsi əvəzinə T-80UD seriyasından istifadə etməyə qərar verildi. Ehtimal ki, döyüş bölməsinin belə bir şəkildə dəyişdirilməsi istehsal məsələləri və ya bu cür digər amillərlə bağlıdır. İstifadə edilən qüllə universal qoruma qübbəsinə malikdir və top qurğusu ilə təchiz edilir.

Ukrayna layihəsində T-80UD tankının döyüş bölməsi dəyişmirdi, silahlar eyni qalırdı. Eyni zamanda müştərinin tələbi ilə müəyyən cihazları öz analoqları ilə əvəz etmək mümkün idi. Yenidən qurulan tankın əsas silahı 125 mm 2A46M silindrli topdan ibarət idi. Avtomatik yükləmə mexanizmi qorunub saxlanıldı. İstehsalçıların sözlərinə görə, BMT-72 əvvəlki kimi zirehdələn və qəlpəli- fuqas mərmilərlə bərabər idarəolunan raketlərdən də istifadə etmək imkanına malikdir. Top ilə bir qurğuda bir ədəd PKT və ya KT-7.62 pulemyotunu qurmaq planlaşdırıldı. Qüllənin damında, NSV markalı zenit pulemyotu və ya onun Ukrayna variantı quraşdırıla bilər.


Maşının arxa tərəfdən görünüşü

BMT-72 qülləsinin ətrafında hər birində 4 ədəd tüstü mərmisi olmaqla, 2 blok tüstü qumbaratanı yerləşdirilib. Ayrı bir yeşikdə döyüş dəstinə malik avtomat, əl qumbaraları və siqnal tapançası yerləşir.

Korpusun daxili həcmlərinin yenidən qurulması sursatın azalmasına gətirib çıxardı. Yükləmə mexanizmində 22 mərmi sayı saxlanıldı, lakin digər yerlərdə saxlanılan mərmi sayı 8-ə qədər azaldı. Pulemyot üçün 2000 ədəd patronu, zenit silahı üçün 450 ədəd sursat nəzərdə tutulurdu.

BMT-72 ekipajı əsas modelə uyğun gəlirdi. Korpusun ön hissəsində sürücü mexanik, qüllədə isə komandir və tuşlayıcı fəaliyyət göstərirdi. Onların hamısı fərdi giriş qapağına və müşahidə cihazlarına malik idi. Baza tankının korpusu desant yerləşdirilməsi üçün nəzərdə tutulan yeni bir bölmə təşkil etmək üçün genişləndirilib. Əlavə edilən zirehli qutunun daxilində və mühərrik bölməsindən qənaət edilən həcmin hesabına bir neçə yeni oturacaq yerləşdirmək mümkün oldu. Desant bölməsinə giriş, qüllənin arxasındakı 3 ədəd qapaq vasitəsilə təmin edilir.

Sağ və sol qapaqlar yana, mərkəzi qapaq isə hərəkət istiqamətində irəliyə doğru açılır. Hər bir qapaq üzərində iki müşahidə cihazı yerləşdirilib. Desant bölməsində beş nəfər silahlı əsgər yerləşir. Döyüş bölməsinin arxa divarına, bir cüt nisbətən sadə oturacaqlar quraşdırılıb. Qarşı divarda isə üç nəfərlik oturacaq yerləri mövcuddur. Desant bölməsi rahatlığı ilə seçilmir, lakin ümumi havalandırma və kütləvi qırğın silahlarından müdafiə sistemləri ilə əlaqələndirilib.


Desant bölməsinə mühərrik bölməsinin üstündən keçərək daxil olmaq təklif edilirdi

Desant bölməsinə damdan daxil olmaq təklif edilirdi. Maşına minmənin və enmənin rahatlığını təmin etmək üçün tırtılların arxa qanadlarında qatlanan pilləkən nəzərdə tutulurdu. Onların köməyi ilə mühərrik bölməsinin üstünə çıxmaq və oradan desant bölməsinə daxil olmaq mümkün idi.

Əlavə bir bölmənin istifadə edilməsi səbəbindən BMT-72 ağır piyada döyüş maşını olduqca böyük alındı. Silahı qabağa olan vəziyyətdə nümunənin ümumi uzunluğu 10.76 m-ə çatdı, bu isə T-72 tankından bir metr daha uzundur. Eni 3,8 m, hündürlüyü isə 2,3 m-dən az idi, döyüş çəkisi isə 50 tona qədər artdı.

Daha güclü mühərrik artıq çəkini kompensasiya etməyə imkan verdi. Ağır zirehli texnikanın xüsusi gücü hər ton çəkiyə görə 24 at gücünə bərabərdir. Bu isə yüksək nəticə hesab olunur. Şossedə maksimal sürət 60 km/saat, ehtiyat gediş məsafəsi isə 750 km təşkil edir.

BMT-72 layihəsi son on illiyin əvvəlində hazırlanıb. Tezliklə Xarkov mühəndisləri yeni döyüş vasitəsinin ilk prototipini hazırladılar. Bu prototipin əsas bazası T-72 tankı idi, onu yalnız yenidən qurmadılar, həm də əsaslı təmir etdilər. Ağır BMP-nin ilk rəsmi nümayişi 2002-ci ilin sentyabr ayında baş verib. Bu maşın ilk növbədə Ukraynanın silahlı qüvvələrinə təklif olundu.

Maraqlı maşın potensial müştərinin diqqətini çəkdi, lakin bu maraq real nəticələrə gətirib çıxarmadı. O dövrdə Ukraynanın ordusu istənilən maliyyə vəsaitinə malik olmadığından, zəruri zirehli nəqliyyat vasitələrini ala bilmədi. Tezliklə BMT-72, Pakistanda keçirilən "IDEAS-2002" hərbi-texniki sərgisində nümayiş olundu. Lakin bu dəfə də qeyri-adi nümunənin nümayişi heç bir nəticə vermədi.


Desant bölməsinin qapaqları

Bildiyimiz kimi, sonralar A.A. Morozov adına "Xarkov Maşınqayırma Konstruktor Bürosu" tərəfindən hazırlanan ağır BMP fərqli müştərilərə təqdim edildi. Bu texnologiya müxtəlif inkişaf etməkdə olan ölkələr üçün maraqlı idi, lakin onların heç biri müqavilə imzalamadı.

BMT-72, hələ də KB məhsulları kataloqunda mövcuddur, lakin bu layihənin gələcəkdə maraqlı təkliflər kateqoriyasını tərk etməsi real görünmür. Xarici müştərilər bu avtomobilə heç bir real maraq göstərməyib və Ukrayna Ordusu da bu cür avadanlıq əldə etmək arzusunu bildirməyib.

Maraqlıdır, A.A. Morozov adına "Xarkov Maşınqayırma Konstruktor Bürosu" BMT-72 maşını ilə, eyni zamanda T-84 tankı bazasında BTMP-84 ağır piyada döyüş maşınını hazırladı. Bu layihədə oxşar ideya və yeniliklərdən istifadə edilib. Nəticə də bənzər idi. Sınaq və potensial alıcılara nümayiş etdirmək üçün bir ədəd belə maşın hazırlandı, sonra isə yeni nümunələr istehsal olunmadı. Heç bir ordu bu cür avadanlıq almaq istəmədi və layihə dayandırıldı.

Bu ilin aprel ayının əvvəlində "Xarkov Maşınqayırma Konstruktor Bürosu" BREM-84 "Atlet" adlı döyüş təmir-təxliyyə maşınının seriya istehsalına başladığını elan etdi. Məlumata bu nümunənin imkanlarını nümayiş etdirən bir video əlavə edilib. Videoda nümunəvi nümayişlər zamanı BREM- 84 maraqlı bir zirehli döyüş maşınını təxliyyə edir. Bu döyüş maşınının BMT-72-nin yeganə nümunəsi bazasında qurulduğu məlum olub. Sınaqlar zamanı bu BMT-72 ağır piyada döyüş maşınına T- 72-120 tankının qülləsinin yerləşdirildiyi nəzərə çarpır. "120" indeksi T-72 tankının döyüş bölməsinin bütün silah sisteminin yenilənməsini və yeni cihazların quraşdırılmasını nəzərdə tutur.

Belə bir qüllədə standart 2A46 topunun əvəzinə Ukrayna istehsalı 120 mm KBM-2 quraşdırılıb. Qüllənin döşəməsində avtomatik yükləmə qurğusunun istifadəsi üçün 22 ədəd mərmi yerləşdirilib. Digər 20 mərmi isə ehtiyat olaraq qutularda yerləşdirilib.


BMT-72 maşını T-72-120 tankının qülləsi ilə

Ukraynanın digər inkişaf nümunələri kimi T-72-120 tankı da xarici müştərilərə təklif olunur, lakin hələ də alıcı tapmayıb. Son məlumatlar göstərir ki, Xarkov mühəndisləri uzun tank şassisini yeni bir qüllə ilə birləşdirməyə qərar veriblər. Lakin belə bir layihənin detalları məlum deyil.

*****

BMT-72 layihəsinin peyda olduğu zamanda tank bazasında ağır piyada döyüş vasitəsi yaratmaq ideyası artıq yenilik deyildi. Bu dəfə ən ciddi şəkildə həyata keçirilməli olan vəzifələrin çeşidini genişləndirmək və əsas xüsusiyyətləri yaxşılaşdırmaq üçün maraqlı ideyalar həyata keçirildi. Tank şassisində ağır BMP-lərin xarici analoqlarından fərqli olaraq, Ukrayna ağır piyada maşını orijinal və güclü silahlanmasını qorudu.

Nəzəri olaraq BMT-72 və BTMP-84 eyni anda iki funksiyanı yerinə yetirə bilir. Mövcud vəziyyətdən asılı olaraq, bu maşınlar tanklar ilə birlikdə döyüş fəaliyyəti göstərə və ya desantı daşıyaraq onları atəşi ilə dəstəkləyə bilərlər. Sonuncu variantda BMP desant üçün yüksək qorunma səviyyəsini təmin etməklə bərabər diqqətəlayiq atəş gücü də nümayiş etdirir. Faktiki olaraq xarici ölkələrdə birbaşa analoqu olmayan unikal maşın yaradılmasını söyləmək mümkündür.

Buna baxmayaraq, yeni universal maşınların potensialı müəyyən dizayn qüsurları və istehsalla bağlı problemlər ilə məhdudlaşırdı. Birincisi, əlavə həcm məqsədilə yaradılan yeni desant bölməsi bəzi problemlərə gətirib çıxardı. Yeni bir bölmənin mövcudluğu ümumi ölçü və çəki artımına səbəb oldu və bu da manevr ilə keçicilik imkanlarına az da olsa mənfi təsir etdi. Müəyyən hallarda BMT-72 manevr imkanlarına görə əsas T-72-dən geri qaldı.


BREM-84 yeni qülləli ağır BMP-ni təxliyyə edir

Onun ölçüsünə baxmayaraq, korpusa əlavə edilən hissə böyük desant bölməsinin yaradılmasına imkan vermədi. Bu bölmədə yalnız beş oturacaq yerləşdirilə bildi. Bu isə BMT-72-nin digər BMP-lərdən geri qaldığını göstərir.

Tank və BMP funksiyalarının bir maşında birləşməsi döyüşdə uzun müddət sağ qala bilmək kontekstində də xoşagəlməz nəticələrə səbəb ola bilər. Kombinəedilən zireh və əlavə tank ekranları heç də bütün təhlükələrdən kifayət qədər qorumur. Bu və ya digər TƏİRK bir zirehli vasitə üçün təhlükəli ola bilər. Bu halda, döyüşən bölmə həm tankı, həm də BMP-ni eyni zamanda itirir. Bu isə əməliyyatın gedişində bölmənin döyüş imkanlarına istənilən halda təsir edəcək.

BMT-72-nin ən ciddi problemlərindən biri də istehsal məhdudiyyətləri ilə əlaqədardır. Bu zirehli vasitələrini Ukraynada istehsal olunmayan T-72 tanklarının bazasında yaratmaq təklif olunurdu. Ukraynada saxlanılma bazalarında kifayət qədər böyük sayda tanklar mövcuddur, lakin onların təmiri, modernləşdirilməsi və istismara qaytarılması ciddi istehsal problemləri ilə yanaşı ciddi maliyyə itkiləri ilə də əlaqələndirilə bilər. Ukraynanın istehsal etdiyi texnikanı müharibə şəraitində olan ölkənin öz ehtiyacları üçün əldə etməməsi də təəccüb doğurur.

BMT-72 ağır piyada döyüş maşınlarının layihəsində desantın daşınması və atəş dəstəyi sahəsində maraqlı ideyalar tətbiq edilib. Bizə isə bu unikal maşınların nə zamansa bu və ya digər dizaynda qoşunlarda yerini tapa biləcəyinə ümid etmək qalır.

Məlumat Ryabov Kirilin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   BMT-72  


Bizi "telegram"da izləyin