Məkkədə şəhidlərimizin ruhuna növbəti ehsan verilib - FOTOLAR

2024/06/qmi_6-1719066373.jpg
Oxunub: 459     18:18     22 İyun 2024    
Bu gün Səudiyyə Ərəbistanının Məkkə şəhərində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə Azərbaycan Həcc Missiyası tərəfindən növbəti dəfə Azərbaycan şəhidlərinin ruhuna ehsan məslisi verilib.

Ordu.az xəbər verir ki, məclisdə QMİ rəsmiləri, azərbaycanlı zəvvarlar, şəhid ailələri iştirak ediblər.

QMİ Sədrinin 1-ci müavini Hacı Salman Musayev tədbiri çıxış nitqi ilə açaraq, bu missiyanın məqsədlərindən danışıb. QMİ Sədri, bütün Qafqazın Şeyxi, Şeyxülislam Hacı Allahşükür Paşazadənin salam və təbriklərini məclis iştirakçılarına çatdırıb. O, bildirib ki, Şeyxülislam həzrətləri azərbaycanlı zəvvarların vəziyyəti ilə daim maraqlanır, Qurban Bayramı münasibətilə bütün zəvvarlarımızı təbrik edərək, hər birinin Həcc Ziyarətinin qəbul olmasını diləyir.

Salman Musayev qeyd edib ki, hər il müqəddəs Həcc Ziyarəti dövründə Məkkə şəhərində Azərbaycan Həcc Missiyası şəhidlərin ruhuna ehsan məclisləri təşkil edir. "Bizdən sonra gələn nəsillər də həmişə, hər yerdə şəhidləri yad etməlidir. Bizim azad etdiyimiz torpaqlar o şəhidlərin qanı ilə suvarılıb, o torpaqlar da onlar üçün şahidlik edəcək. Şəhidlik məqamını Allah Öz istədiyi bəndələrinə nəsib edir. Şəhid olarkən onları böyük fəzilətli əməllər gözləyir. Əvvəla şəhidlərə Cənnətdəki məqamı görünər, Allah şəhidlərə elə bir nemət verir ki, onlar öz istədikləri insanlardan 70 nəfərin bağışlanmasına şəfaətçidir" - deyən QMİ Sədrinin 1-ci müavini dinimizin şəhadət haqqındakı hökmlərindən danışıb.

Salman Musayev qeyd edib ki, şəhidlərin xatirəsinə həsr olunan belə məclislər gələcək illərdə də ənənə şəklində davam etdirilməlidir.

Bakı Cümə məscidinin baş ilahiyyatçısı Ceyhun Rüstəmov çıxışında şəhidlərimizin xatirəsinin müqəddəs torpaqlarda yad edilməsinin gözəl nümunə olduğunu dilə gətirib. İslam dünyasının iki böyük bayramından biri Qurban bayramıdır: "Bu ay günahlardan bağışlanmaq, Həcc ziyarətini yerinə yetirmək, bayramlaşmaq, ölülərimizi yad etmək, şəhidlərimizi xatırlamaq ayıdır. Bizim Məkkə şəhərinə hər səfərimizdə şəhidlərimizi yad etmək Vətən borcumuzdur. Tarixi ədalət budur ki Vətən uğrunda canlarından keçən şəhidlərin amallarını xatırladaq, gələcək nəsillərə ötürək. Hər bir şəhid 70 nəfərə şəfaətçi olacaq, bizə də onların şəhadətindən nəsiblənmək qismət olsun" - Ceyhun Rüstəmov qeyd edib.

Ehsan məclisində iştirak edən şəhid ailələrinin üzvləri də çıxış edərək Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsünü böyük razılıq hissi ilə qarşıladıqlarını ifadə edərək təşəkkürlərini bildiriblər.

Bakının "Şəhidlər" məscidininə imamı Mirzaid Qənbərov şəhidlərin ruhuna dualar oxuyib.

Sonda süfrə duası oxunaraq, şəhidlərin ruhlarına Allahdan rəhmət dilənib, yaralı qazilərimizə şəfalar arzu edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Məkkə   Şəhid   Ehsan  


Bizi "telegram"da izləyin