Avropa İttifaqı Livan ordusuna yeni dəstək paketini təsdiqləyib

2026/06/sehre-1780742168.jpg
Oxunub: 317     14:34     06 İyun 2026    
Avropa İttifaqı Livanda kövrək atəşkəs prosesinin davam etdiyi bir vaxtda ölkə ordusunun gücləndirilməsi məqsədilə 100 milyon avro həcmində yeni yardım paketini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas açıqlama verib.

Kallas sosial şəbəkədə paylaşdığı məlumatda İsrail və Livan arasında əldə olunmuş son atəşkəsin genişmiqyaslı döyüş əməliyyatlarının yenidən başlanmasının qarşısını almaq üçün mühüm imkan yaratdığını bildirib.

Bununla yanaşı, o qeyd edib ki, BMT-nin Livandakı Müvəqqəti Sülhməramlı Qüvvələrinin (UNIFIL) bir hərbçisinin həlak olması və bölgədə toqquşmaların davam etməsi mövcud razılaşmanın nə qədər həssas olduğunu göstərir.

Kallas vurğulayıb ki, “Hizbullah”dan qaynaqlanan təhdidlərin azaldılmasının ən effektiv yolu Livan dövlətinin və onun institutlarının gücləndirilməsidir.

“Hizbullah”ın yaratdığı təhlükəni azaltmağın ən yaxşı yolu Livan dövlətini gücləndirmək, onun institutlarını dəstəkləmək və ölkədə güc tətbiqi inhisarını yenidən dövlətə qaytarmaqdır”, - deyə o bildirib.

Məlumata görə, yeni yardım paketi ilə birlikdə Avropa İttifaqının son illərdə Livan Silahlı Qüvvələrinə ayırdığı vəsaitin ümumi məbləği 182 milyon avroya çatıb. Bu, Aİ tərəfindən Livan ordusuna təqdim olunan dördüncü yardım paketidir.

Bu arada İsrail Livan ərazisinə yeni hava zərbələri endirib və Beyrut rəhbərliyinə qarşı təhdidlərini davam etdirib. Bu isə iki ölkə arasında əldə olunmuş atəşkəsə baxmayaraq bölgədə gərginliyin hələ də yüksək səviyyədə qaldığını göstərir.

UNIFIL daha əvvəl Livanın cənubunda yerləşən bazalardan birinə edilən hücum nəticəsində bir sülhməramlının öldüyünü, iki nəfərin isə yaralandığını açıqlamışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan     Ordu  


Bizi "telegram"da izləyin