Niderland “Boxer” parkını antidron sistemləri ilə modernləşdirir

2026/05/1779457488.jpg
Oxunub: 372     17:40     22 May 2026    
Niderland ordusu inventarında olan 200 ədəd “Boxer” zirehli platformasını genişmiqyaslı modernizasiya proqramına daxil edir.

Ordu.az xəbər verir ki, proqram çərçivəsində platformalara pilotsuz uçuş aparatlarına qarşı müdafiə imkanları qazandırılacaq, elektron infrastruktur yenilənəcək və texniki xidmət imkanları təkmilləşdiriləcək.

Niderland Müdafiə Nazirliyinin açıqlamasına görə, modernizasiya proqramı KNDS “Deutschland” və “Rheinmetall”ın birgə müəssisəsi olan ARTEC “GmbH” tərəfindən həyata keçiriləcək.

Proqramın texniki xidmət və modernizasiya, antidron sistemlərinin inteqrasiyası və rəqəmsal infrastrukturun yenilənməsi olmaqla üç əsas mərhələdən ibarət olduğu bildirilib.

Layihənin ən diqqətçəkən hissəsini bütün “Boxer” platformalarına inteqrasiya ediləcək uzaqdan idarəolunan antidron silah stansiyaları təşkil edir. Yeni sistem sayəsində ekipaj kiçik pilotsuz uçuş aparatlarını aşkarlayaraq birbaşa platforma üzərindən zərərsizləşdirə biləcək.

Uzaqdan idarəolunan silah stansiyalarının heyətin platformanın daxilindən nişanalma həyata keçirməsinə imkan yaratdığı və şəxsi heyəti xarici təhdidlərdən qoruduğu qeyd olunub. Niderland Müdafiə Nazirliyi bildirib ki, inteqrasiya müasir döyüş meydanında artan kiçik pilotsuz uçuş aparatı təhlükəsinə qarşı hazırlanıb.

Son münaqişələrin xüsusilə aşağı xərcə malik FPV kamikadze pilotsuz uçuş aparatlarının və kommersiya tipli kiçik pilotsuz uçuş aparatlarının zirehli bölmələr üçün ciddi təhlükə yaratdığını göstərdiyi vurğulanıb.

Bu səbəbdən NATO ölkələrinin antidron imkanlarını birbaşa quru platformalarına inteqrasiya etməyə başladığı qeyd edilib. Modernizasiya proqramının 2013-cü ildən etibarən Niderland ordusunda xidmətə daxil olan “Boxer” platformalarını əhatə etdiyi bildirilib.

Beləliklə, ən köhnə platformaların 13 illik xidmət müddətini başa vurduğu vurğulanıb. Niderland Quru Qoşunları “Boxer” platformalarından komanda-idarəetmə, tibbi təxliyə, şəxsi heyətin daşınması və təlim missiyalarında istifadə edir.

Ötən il sifariş verilən 72 ədəd “Boxer” bazalı təkərli piyada döyüş maşınının isə modernizasiya proqramına daxil edilmədiyi bildirilib.

Almaniya və Niderland tərəfindən birgə hazırlanan “Boxer” platformasının modul quruluşu sayəsində müxtəlif tapşırıq modulları ilə yenidən konfiqurasiya oluna bildiyi qeyd olunub.

Modernizasiyanın üçüncü mərhələsində platformaların yeni nəsil rəqəmsal döyüş infrastrukturu ilə uyğunlaşdırılması planlaşdırılır. Bu çərçivədə Niderland ordusunun “Təkmilləşdirilmiş Operativ Əsgər Sistemi” adlandırdığı yeni infrastruktur da platformalara inteqrasiya ediləcək.

Yeni sistem vasitəsilə platforma ekipajı ilə sahədəki piyada bölmələri arasında real vaxt rejimində məlumat paylaşımı təmin olunacaq. Bununla da situasiya məlumatlılığının və koordinasiyanın artırılması hədəflənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Boxer  


Bizi "telegram"da izləyin