Aİ XİN başçıları İsrailə qarşı sanksiya qəbul etməyəcək

2026/03/1773647283.jpg
Oxunub: 314     16:33     22 May 2026    
Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri 2026-cı il mayın 27-28-də Kiprdə keçiriləcək görüş zamanı İsrail və İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiyalar qəbul etməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Ənvər əl-Ənuni Brüsseldə keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Kiprdə keçiriləcək “Gymnich” formatlı görüş qeyri-rəsmi xarakter daşıyır.

“Bu görüş çərçivəsində istənilən məsələ müzakirə oluna bilər, lakin praktiki qərarlar qəbul edilmir. Bu, sanksiyalar məsələsinə də aiddir”, - deyə o qeyd edib.

Əl-Ənuni vurğulayıb ki, sanksiyaların qəbul olunması üçün Aİ-yə üzv bütün ölkələrin yekdil qərarı tələb olunur.

Bundan əvvəl “Politico” nəşri İsveç, İtaliya və Çexiya daxil olmaqla bir sıra Avropa ölkələrinin Ben-Qvirə qarşı sanksiyalar tətbiq edilməsində israr etdiyini yazmışdı.

Məlumata görə, buna səbəb Fələstin tərəfdarı olan “Sumud” donanmasının fəalları ilə bağlı insident olub.

Ben-Qvir daha əvvəl “X” sosial şəbəkəsində İsraildə saxlanılan fəalların görüntülərini paylaşmışdı. Videoda İsrail hüquq-mühafizə orqanlarının onlarla alçaldıcı davranışı əks olunub.

İsrail Xarici İşlər Nazirliyi isə 2026-cı il mayın 19-da Qəzza zolağı sahillərinə doğru hərəkət edən “Sumud” donanmasına aid bütün gəmilərin saxlanıldığını açıqlayıb.

Nazirliyin məlumatına görə, ümumilikdə 430 Fələstin tərəfdarı fəal saxlanılıb.

Bildirilir ki, saxlanılan şəxslər İsrail ərazisinə çatdırılaraq konsulluq nümayəndələri ilə görüşəcəklər.

Qeyd edək ki, “Qlobal Sumud Donanması” aksiyası 2026-cı ilin aprelində başlayıb.

Aksiya iştirakçıları məqsədlərinin Qəzzaya tətbiq edilən İsrail dəniz blokadasını yarmaq və daimi humanitar dəniz dəhlizi yaratmaq olduğunu bəyan ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   İsrail  


Bizi "telegram"da izləyin