Ordu.az xəbər verir ki, müqavilə “Boeing Defence UK” tərəfindən verilib.
Məlumata görə, mühərriklərin texniki baxım və təmir işləri İngiltərənin Qosport şəhərindəki “StandardAero” müəssisəsində həyata keçiriləcək. Razılaşma çərçivəsində “GE Aerospace”ə bağlı bir sahə dəstək nümayəndəsinin Safolk bölgəsindəki Vattişem Hava Bazasında daimi fəaliyyət göstərəcəyi qeyd olunub.
Müqavilənin “Performance Based Logistics” modeli əsasında qurulduğu bildirilib. Bu modeldə podratçı şirkət yalnız texniki xidmət göstərmir, həm də helikopterlərin əməliyyat yararlılığına görə məsuliyyət daşıyır.
Beləliklə, texniki dəstək proseslərinin sürətləndirilməsi və “Apache” parkının xidmət xaricində qalma müddətinin azaldılması hədəflənir. T700 mühərrik ailəsinin geniş istifadə dairəsinə malik olduğu qeyd olunub.
T700-GE-T701D mühərriki uzun illərdir inkişaf etdirilən T700 ailəsinin ən yeni variantları sırasında yer alır. Bu günədək 50 ölkəyə 25 mindən çox mühərrik təhvil verildiyi, ümumi uçuş müddətinin isə 100 milyon saatı keçdiyi bildirilir.
Təxminən 1800 at gücü hasil edən mühərrik AH-64 “Apache”, UH-60 “Black Hawk” və SH-60 “Seahawk” kimi Qərb dünyasında geniş istifadə olunan hərbi helikopter platformalarında fəaliyyət göstərir.
Mühərrikin tam səlahiyyətli rəqəmsal idarəetmə sistemi sayəsində pilot yükünü azaltdığı və yanacaq səmərəliliyini artırdığı qeyd olunub.
Birləşmiş Krallıq AH-64E parkını genişləndirir
Birləşmiş Krallıq Ordusunun daha əvvəl istifadə etdiyi AH-64D “Longbow Apache” helikopterlərinin yerinə AH-64E “Guardian” variantını inventara daxil etməyə davam etdiyi bildirilir.
ABŞ ilə hökumətlərarası razılaşma çərçivəsində həyata keçirilən proqram üzrə ümumilikdə 50 ədəd AH-64E “Apache” helikopterinin xidmətə alınması planlaşdırılır.
Safolkdakı Vattişem Hava Bazası isə Birləşmiş Krallıq “Apache” parkının əsas əməliyyat mərkəzi kimi fəaliyyət göstərir.
“GE Aerospace”dən əməliyyat hazırlığı vurğusu
“GE Aerospace”in Müdafiə Mühərrikləri və Xidmətləri üzrə vitse-prezidenti Pol Ferraro razılaşmanın Birləşmiş Krallıq “Apache” donanmasının əməliyyat davamlılığını gücləndirəcəyini bildirib. Ferraro müqavilənin regional texniki xidmət və dəstək infrastrukturunu inkişaf etdirərək helikopterlərin döyüş hazırlığı səviyyəsinə töhfə verəcəyini qeyd edib.
T700 mühərrik ailəsinin NATO ölkələri də daxil olmaqla dünya üzrə geniş istifadəçi bazasına malik olduğu və buna görə hərbi aviasiya sahəsində strateji əhəmiyyət daşıyan mühərrik sistemlərindən sayıldığı bildirilib.
Sevinc Əliyeva
Ordu.az