Alimlər xəbərdarlıq edir: Süni zəka saxta elmi məqalələr yaradır

2026/05/1779427284.jpg
Oxunub: 400     09:22     22 May 2026    
Süni zəka elm sahəsi üçün ciddi problem yaratmağa başlayıb.

Ordu.az xəbər verir ki, elmi məqalələrdə mövcud olmayan araşdırmalara istinadların sayı sürətlə artır.

“arXiv” preprint serverində dərc olunmuş yeni araşdırmaya əsasən, təkcə 2025-ci ildə elmi ədəbiyyatda təxminən 146 min “hallüsinasiyalı” istinad - tamamilə uydurma mənbə meydana çıxa bilər.

Alimlər “PubMed Central”, “bioRxiv” və SSRN daxil olmaqla ən böyük elmi bazalarda yerləşdirilmiş 2,5 milyon elmi işdən 111 milyon istinadı təhlil ediblər.

Tədqiqatçılar çat-botlar və ChatGPT kimi dil modellərinin geniş yayılmasından sonra mövcud olmayan istinadların sayında kəskin artım aşkar ediblər.

Məlumata görə, problem xüsusilə 2024-cü ilin ortalarından etibarən sürətlə böyüməyə başlayıb.

Araşdırma müəllifləri bildiriblər ki, əsas təhlükə belə istinadların tam etibarlı görünməsidir.

Süni zəka məqalənin başlığını, müəllif adlarını, elmi jurnalı və hətta DOI nömrəsini elə şəkildə “yarada” bilir ki, saxtakarlığı müəyyən etmək çətinləşir.

Bəzi hallarda hətta real DOI nömrəsi göstərilsə də, həmin keçid tamamilə başqa məqaləyə aparır.

Nəticədə saxta araşdırmalar digər müəlliflər tərəfindən sitat gətirilərək elmi mühitə daxil olur.

Tədqiqat müəllifləri vurğulayıblar ki, söhbət bir neçə fırıldaqçıdan deyil, sistemli problemdən gedir.

Qeyd olunub ki, saxta istinadlara ən çox kiçik tədqiqat qruplarında və mətn yazmaq üçün süni zəkadan fəal istifadə edən gənc alimlərdə rast gəlinib.

Eyni zamanda jurnal redaktorları, rəyçilər və avtomatik filtrlərdən ibarət yoxlama mexanizmlərinin bu səhvlərin böyük hissəsini aşkar edə bilmədiyi bildirilib.

Tədqiqatçıların qiymətləndirməsinə görə, saxta istinadların təxminən 79%-i hətta “arXiv” platformasında belə moderasiyadan keçir.

Alimlər xüsusilə tibb sahəsində yaranmış vəziyyətdən narahat olduqlarını qeyd ediblər.

Kolumbiya Universitetinin alimləri tərəfindən aparılmış ayrıca audit zamanı mövcud olmayan istinadlar olan təxminən 3000 tibbi məqalə aşkar edilib.

Bildirilir ki, həmin işlərin bir qismi artıq həkimlər üçün hazırlanan tövsiyə və xülasələrdə istifadə olunur.

Tədqiqatçılar xəbərdarlıq ediblər ki, əgər saxta məlumatlar klinik qərarlara təsir göstərməyə başlasa, nəticələr akademik mühitdən çox uzağa gedə bilər.

Artan problem fonunda elmi platformalar qaydaları sərtləşdirməyə başlayıb.

Məsələn, “arXiv” açıq şəkildə süni zəka “hallüsinasiyaları” və saxta istinadlar olan məqalələr dərc edən müəlliflərin bir il müddətinə platformadan uzaqlaşdırıla biləcəyini açıqlayıb.

Alimlər hesab edirlər ki, elm yeni etimad böhranı ilə üz-üzədir, çünki süni zəka artıq təkcə məqalə yazmağa kömək etmir, həm də elmi biliklərin əsasını təşkil edən istinad və yoxlanıla bilən mənbələr sistemini tədricən çirkləndirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Alimlər   Süni-zəka  


Bizi "telegram"da izləyin