Rusiya XİN “The Insider”in “İrəvandakı rus agentləri” barədə materialını saxtakarlıq adlandırıb

2026/05/1779355515.jpg
Oxunub: 349     13:24     21 May 2026    
“The Insider” nəşrinin guya Rusiya Federal Təhlükəsizlik Xidməti, Baş Kəşfiyyat İdarəsi və Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarının Ermənistanın baş naziri Nikol Paşinyana qarşı fəaliyyət göstərmək üçün Ermənistana göndərilməsi barədə yaydığı məlumat həqiqəti əks etdirmir”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti “Telegram” kanalında açıqlama yayıb.

“Bu qondarma “araşdırma”da təqdim olunan iddialar açıq yalan və təşkil olunmuş təxribatdır. Məqsəd rus diplomatlarına psixoloji təzyiq göstərmək və seçkilər ərəfəsində Ermənistan cəmiyyətində qorxu mühiti yaratmaqdır”, - açıqlamada qeyd olunub.

Rusiya XİN nümayəndələri bildirib ki, materialda yer alan məlumatlar inandırıcı sübutlardan məhrumdur və faktiki səhvlərlə doludur.

“The Insider” səsləndirilən ittihamları təsdiqləyəcək bircə inandırıcı fakt belə təqdim edə bilmir”, - deyə nazirlik vurğulayıb.

Nazirlik həmçinin İrəvandakı “Rus Evi”nin fəaliyyəti ilə bağlı iddialara da münasibət bildirib.

Açıqlamada qeyd olunub ki, təşkilatın humanitar, mədəni və təhsil proqramları, eləcə də “yumşaq güc” siyasəti xaricdə fəaliyyət göstərən “Rus Evi”nin vəzifələrinə tam uyğundur.

Rusiya XİN Ermənistanın daxili işlərinə müdaxilə ilə bağlı ittihamları da rədd edib.

Nazirlik bildirib ki, Rusiyanın Ermənistandakı diplomatik fəaliyyəti 1961-ci il “Diplomatik münasibətlər haqqında” Vyana Konvensiyasına uyğun şəkildə həyata keçirilir.

Qurum sözügedən materialı Rusiyanı və onun Ermənistanla əlaqələrini nüfuzdan salmağa yönəlmiş kampaniyanın bir hissəsi adlandırıb.

“İrəvandakı “rus agentləri” barədə növbəti “sensasiya”nı Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq kampaniyasının daha bir epizodu kimi qiymətləndiririk”, - deyə Rusiya XİN bəyan edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin