Ordu.az xəbər verir ki, qərarın 2027-ci maliyyə ili üzrə büdcə təklifində yer aldığı bildirilib.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri bu addımla döyüş təyyarəsi parkındakı imkan boşluğunu qısamüddətli perspektivdə aradan qaldırmağı hədəfləyir.
ABŞ Hərbi Hava Qüvvələrinin Plan və Proqramlar üzrə qərargah rəisinin müavini general-leytenant Devid Tabor Senatın Silahlı Xidmətlər Komitəsində çıxışı zamanı F-35-in “Technology Refresh 3” və “Block 4” modernizasiya proqramlarındakı gecikmələrin qərarda əsas rol oynadığını bildirib.
“F-35 təhvilindəki yavaşlamalarla qarşılaşdıqda əlavə döyüş təyyarəsi imkanına ehtiyacımız olduğu ortaya çıxdı”, - deyə Tabor vurğulayıb.
F-15EX-in seçilməsində “Boeing”in Sent-Luis şəhərindəki istehsal xəttinin hazır vəziyyətdə olması da təsirli olub.
Bu yolla ABŞ Hərbi Hava Qüvvələri köhnələn F-15E “Strike Eagle” təyyarələrini daha sürətli şəkildə yeniləməyi planlaşdırır.
F-15EX üçün nəzərdə tutulan ümumi tədarük sayı son illərdə bir neçə dəfə dəyişdirilib.
Belə ki, proqram çərçivəsində əvvəlcə 144, daha sonra 80, ardınca 104 və sonrakı mərhələdə 129 təyyarənin alınması planlaşdırılıb. Hazırda isə bu göstərici 267 təyyarəyə çatdırılıb.
ABŞ Hərbi Hava Qüvvələri, Pentaqon və “Boeing” şirkəti F-15EX istehsal sürətinin artırılması üçün danışıqları davam etdirir.
Hərbi Hava Qüvvələrinin satınalma, texnologiya və logistika üzrə nazir müavininin hərbi köməkçisi general-leytenant Lyuk Kropsi bildirib ki, “Boeing” hazırda aylıq iki təyyarə istehsalı hədəfinə hələ çatmayıb.
Kropsinin sözlərinə görə, şirkət gələcəkdə infrastruktur investisiyaları hesabına aylıq üç-dörd təyyarə istehsalını mümkün edəcək yol xəritəsi təqdim edib.
Sevinc Əliyeva
Ordu.az