Hayfadan sonra növbə Türkiyədədir: Kiyev Rusiyanın buğda marşrutunu bloklamağa çalışır

2026/05/1779085756.jpg
Oxunub: 700     10:34     18 May 2026    
Təxminən bir ay əvvəl 25 min ton buğdanı İsrailin Hayfa limanına çatdırmış “Panormitis” yük gəmisi Türkiyənin İskəndəl limanına giriş icazəsi gözləyir. Ukraynanın etirazı səbəbindən İsrail yükü qəbul etməyib.

Gərgin diplomatik səylər nəticəsində Ukrayna Rusiyanın buğdanı işğal altındakı ərazilərdən əldə etdiyini sübut edə bilib, buna görə də alqı-satqı qanunsuz hesab olunur.

Bu, Ukraynanın beynəlxalq miqyasda ilk dəfə “böyük rezonans yaratdığı” hadisədir. Hazırda Ukrayna tərəfi eyni arqumentləri Türkiyə hakimiyyətinə təqdim etməyə hazırlaşır.

Bu barədə mətbuata Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat verib. “Ümid edirik ki, Türkiyə də İsrailin etdiyi kimi düzgün addım atacaq”, - deyə o bildirib və əlavə edib ki, məsələ ilə baş prokurorluq ofisi də məşğul olur.

Türkiyənin hansı qərarı verəcəyi barədə hələlik heç bir məlumat yoxdur. Lakin ehtimal etmək olar ki, yük daşınması ilə bağlı ilkin razılaşma əldə olunub. Əks halda yük gəmisi Hayfadan Rusiyaya geri qayıdardı.

Türkiyə Rusiya-Ukrayna münaqişəsində formal olaraq Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmət mövqeyindən çıxış edir. Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə açıq şəkildə Krımın Rusiyaya məxsusluğunu tanımadığını bəyan edib.

Lakin o, eyni zamanda vasitəçi imicini qorumağa çalışır. Ərdoğan çox yaxın zamanda İstanbulda ABŞ-Rusiya-Ukrayna sammitinin təşkil olunacağına eyham vurub.

Türkiyə ilə Ukrayna arasındakı təmasların məhz bu məsələ üzrə hansı nəticə verəcəyini proqnozlaşdırmaq çətindir. Türkiyə Qara dənizdə ticarət gəmiçiliyinin təminatçısıdır. Amma bu halda söhbət qanunsuz mal dövriyyəsindən gedir. Əgər Ukrayna İsraili inandıra bilibsə, deməli, Kiyevin arqumentləri əsaslıdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ukrayna   İsrail  


Bizi "telegram"da izləyin