Ordu.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Məlumata görə, bu planlar diplomatik təşəbbüslərin uğursuzluğu fonunda gündəmə gəlib.
ABŞ rəsmilərinin sözlərinə görə, Tramp müharibəni dayandıracaq razılaşmanın əldə olunmasını istəyir.
Lakin İranın onun bir sıra tələblərini rədd etməsi və nüvə proqramı ilə bağlı ciddi güzəştlərə getmək istəməməsi hərbi variantı yenidən gündəmə gətirib.
Bildirilir ki, Tramp çərşənbə axşamı Situasiya Mərkəzində milli təhlükəsizlik üzrə əsas komanda üzvləri ilə görüşərək hərbi əməliyyat variantlarını müzakirə edəcək.
Digər mənbənin məlumatına görə, Tramp şənbə günü Virciniyadakı qolf klubunda da milli təhlükəsizlik komandası üzvləri ilə İran ətrafındakı vəziyyəti müzakirə edib.
Görüşdə vitse-prezident Cey Di Vens, xüsusi nümayəndə Stiv Uitkof, ABŞ dövlət katibi Marko Rubio və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff iştirak ediblər.
Bundan əlavə, “Axios” Donald Trampın bazar günü İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı apardığını bildirib.
Məlumata görə, həmin danışıq da İrandakı vəziyyətə həsr olunub.
Sevinc Əliyeva
Ordu.az