Ordu.az xəbər verir ki, Tramp bu barədə “Axios” nəşrinə telefon danışığında açıqlama verib.
ABŞ Prezidenti İran üçün “zamanın daraldığını” deyərək Tehranı xəbərdar edib.
ABŞ rəsmilərinin sözlərinə görə, Tramp müharibəni dayandıracaq razılaşma əldə etmək istəyir, lakin İranın Vaşinqtonun bir sıra tələblərini qəbul etməməsi və nüvə proqramı ilə bağlı ciddi güzəştlərə getməməsi hərbi variant məsələsini yenidən gündəmə gətirib.
Məlumata görə, Tramp çərşənbə axşamı Ağ Evin Situasiya Mərkəzində milli təhlükəsizlik üzrə yüksəkvəzifəli komandasını toplayaraq hərbi variantları müzakirə edəcək.
Bildirilib ki, Tramp bazar günü İsrailin Baş naziri Benyamin Netanyahu ilə İran ətrafındakı vəziyyəti müzakirə edib.
Şənbə günü isə Tramp Virciniyadakı qolf klubunda vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, Ağ Evin nümayəndəsi Stiv Uitkoff və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff ilə görüş keçirib.
Məlumata görə, Pakistanın daxili işlər naziri şənbə və bazar günləri Tehranda İran rəhbərliyi ilə müharibənin dayandırılması barədə razılaşmanı müzakirə edib.
Pakistanın ABŞ ilə İran arasında rəsmi vasitəçi olduğu qeyd olunub.
Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Al Tani də vasitəçilik səyləri çərçivəsində pakistanlı həmkarı və İran xarici işlər naziri ilə danışıqlar aparıb.
Tramp bildirib ki, İranın razılaşma əldə etmək istədiyinə inanır və Tehranın yaxın günlərdə yeni təklif təqdim edəcəyini gözləyir.
“Biz razılaşma istəyirik. Onlar bizim görmək istədiyimiz nöqtədə deyillər. Oraya çatmalıdırlar, əks halda çox ağır zərbə alacaqlar”, - deyə Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, İran daha sərfəli təklif təqdim etməsə, Vaşinqton əvvəlkindən “qat-qat güclü” zərbələr endirəcək.
“Vaxt gedir. Tələssələr yaxşıdır, əks halda əllərində heç nə qalmayacaq”, - deyə Tramp vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az