Ordu.az xəbər verir ki, bu barədə “Kathimerini” nəşri məlumat yayıb.
Məlumata görə, Yunanıstan Quru Qoşunlarının kəşfiyyat, müşahidə və informasiya toplama ehtiyaclarını qarşılamaq məqsədilə başladılan Fransanın “Patroller” pilotsuz uçuş aparatı proqramı ciddi problemlərlə üzləşib.
Afina rəhbərliyinin proqramı tam ləğv etmədiyi, lakin artıq alternativ variantları nəzərdən keçirdiyi və Fransa pilotsuz uçuş aparatlarını alma ehtimalının getdikcə azaldığı bildirilir.
Yunan hərbi və siyasi rəhbərliyini qərarı yenidən nəzərdən keçirməyə vadar edən əsas səbəblərdən birinin “Link-16” məlumat bağlantısı sisteminin inteqrasiyası zamanı yaranan ciddi gecikmələr və texniki problemlər olduğu qeyd edilib.
Yunanıstanın əsas tələbi pilotsuz uçuş aparatlarının digər sistemlərlə birgə işləməsini təmin edən “Link-16” terminalının quraşdırılması idi. Digər mühüm səbəb isə Fransanın öz sifarişini ləğv etməsi olub.
Məlumata görə, Paris rəhbərliyi altı illik gecikmədən sonra ötən ilin aprel ayında öz “Patroller” sifarişini rəsmən ləğv edib.
Fransa ordusunun nümayəndələri “Patroller” platformasının “yavaş, böyük və radar tərəfindən asanlıqla aşkarlanan” pilotsuz uçuş aparatı olduğunu bildirərək onun müasir döyüş şəraitinin tələblərinə cavab vermədiyini açıqlayıblar.
NATO Dəstək və Təchizat Agentliyi (NSPA) vasitəsilə həyata keçirilən və 2023-cü il iyunun 19-da imzalanan 55 milyon avroluq müqavilə dörd pilotsuz uçuş aparatı sistemini əhatə edir.
İlk təhvilin 2024-cü ilin sonunda həyata keçirilməsi planlaşdırılsa da, 2025-ci ilin sonuna qədər yalnız prototip səviyyəsində bir pilotsuz uçuş aparatı uçuş sınaqlarını başa vura bilib.
Yunan hərbi mənbələri sistemlərin ordunun istifadəsinə verilməsinə qədər texnologiyasının tamamilə köhnələcəyindən narahat olduqlarını bildiriblər. Bundan əlavə, Fransanın böyük sifarişi ləğv etməsi gələcəkdə ehtiyat hissələri və logistika dəstəyi ilə bağlı Afinada ciddi qeyri-müəyyənlik yaradıb.
Qeyd olunub ki, Yunanıstandan başqa beynəlxalq bazarda bu sistemə maraq göstərən alıcı yoxdur.
Xəbərdə bildirilib ki, Afinada ən böyük rezonans doğuran məsələlərdən biri də “Patroller” pilotsuz uçuş aparatını istehsal edən Fransa şirkətinin Türkiyənin müdafiə sənayesi şirkəti BAYKAR ilə strateji əməkdaşlıq müqaviləsi imzalaması olub.
Müqavilə pilotsuz uçuş aparatları və ağıllı sursatların birgə hazırlanmasını, qarşılıqlı texnologiya transferini və Türkiyə müdafiə sənayesinin Avropa bazarına çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur.
Bu əməkdaşlıq sayəsində BAYKAR-ın “Bayraktar” TB2, AKINCI və KIZILELMA platformalarında istifadə üçün qabaqcıl “Euroflir” elektro-optik hədəfləmə sistemlərinə və Avropa mənşəli mühərrik texnologiyalarına çıxış əldə edəcəyi qeyd olunub.
Yunan hərbi rəsmiləri bu texnologiyalarla təchiz olunacaq Türkiyə pilotsuz uçuş aparatlarının Egey dənizi üzərində Yunanıstan hava məkanını demək olar hər gün nəzarətdə saxladığını bildirərək vəziyyətə sərt reaksiya veriblər.
Sevinc Əliyeva
Ordu.az