Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.
Sahə analitiklərinin qiymətləndirməsinə görə, Şanxay-Fars körfəzi-Qırmızı dəniz marşrutu üzrə standart 20 futluq konteynerin daşınma xərcinin 4 min ABŞ dollarını keçdiyi qeyd olunub. Bununla da 2021-ci ildə pandemiya böhranı dövründə qeydə alınmış maksimum göstərici yenilənib.
Məlumata görə, tarif artımı son illərin ən kəskin yüksəlişlərindən biri hesab olunur. Hətta hərbi gərginlik artmamışdan əvvəl bu istiqamətdə daşınmanın xərcinin 1 min ABŞ dollarından aşağı olduğu, sonradan isə dörd dəfədən çox artdığı vurğulanıb.
Qlobal fraxt tariflərini izləyən analitik şirkətlər bildiriblər ki, hazırkı səviyyə artıq pandemiya dövründə təchizat zəncirində yaranmış problemlər və liman infrastrukturunun həddindən artıq yüklənməsi ilə bağlı əvvəlki pik göstəriciləri üstələyib.
Artımın əsas səbəbləri kimi yanacağın bahalaşması, marşrutların yenidən qurulması və mövcud nəqliyyat güclərinin çatışmazlığı göstərilir.
Gəmiçilik şirkətləri və logistika operatorları qeyd ediblər ki, yük axınının bir hissəsi alternativ logistika dəhlizlərinə, o cümlədən Yaxın Şərq ölkələri üzərindən keçən quru marşrutlarına yönləndirilib. Bu isə regionun infrastrukturuna əlavə yük yaradıb.
Dünyanın ən böyük konteyner daşıyıcıları sistemdə nəqliyyat gücü çatışmazlığının yarandığını təsdiqləyiblər.
Onların qiymətləndirməsinə görə, yüklərin bir hissəsi İraq, Türkiyə, İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ üzərindən keçən quru marşrutları vasitəsilə daşınır. Lakin sahə mütəxəssisləri bu marşrutların buraxılış imkanlarının dəniz logistikasından xeyli aşağı olduğunu və bunun gəmiçilik xətlərini tam əvəz etməyə imkan vermədiyini vurğulayıblar.
Bu məhdudiyyətlər fonunda Fars körfəzi regionunda ticarət axınlarında ciddi azalma müşahidə olunur. Bazar iştirakçılarının qiymətləndirməsinə görə, bəzi marşrut hissələrində azalma 60-80 faizə çata bilər.
Analitiklər hazırkı vəziyyəti geosiyasi risklərlə qlobal logistika üzərində artan struktur təzyiqinin birləşməsi kimi qiymətləndirirlər.
Sevinc Əliyeva
Ordu.az