Ordu.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Senatın parlament hüquq müşaviri Elizabet Makdonon qanun layihəsinin hazırkı formada prosedur qaydalarını pozduğunu bildirib. Onun sözlərinə görə, layihə aidiyyəti komitələrin səlahiyyət çərçivəsindən kənara çıxan məsələləri əhatə edir.
Bu isə sənədin sadə səs çoxluğu ilə qəbul edilməsini mümkünsüz edir və böyük ehtimalla 60 senatorun dəstəyini tələb edəcək. Respublikaçıların isə bu dəstəyi təmin edə bilməyəcəyi ehtimal olunur.
Qərar Ağ Evin daha geniş büdcə paketinə daxil etdiyi təşəbbüsə ciddi zərbə hesab edilir. Həmin paketdə Məxfi Xidmətin, Miqrasiya və Gömrük Polis Xidmətinin, eləcə də Sərhəd Xidmətinin maliyyələşdirilməsi də nəzərdə tutulur.
Ağ Ev rəsmi olaraq bildirib ki, tələb olunan vəsait birbaşa bal zalının tikintisi üçün deyil, layihə ilə bağlı təhlükəsizlik tədbirləri və infrastrukturun modernizasiyası üçün nəzərdə tutulub.
Lakin tənqidçilər hesab edirlər ki, söhbət Trampın daha əvvəl yalnız özəl ianələr hesabına həyata keçirəcəyinə söz verdiyi bahalı layihənin dolayı maliyyələşdirilməsindən gedir.
“NBC News”un məlumatına görə, respublikaçılar artıq bir neçə gündür sənədin yeni redaksiyası üzərində işləyirlər və prosedur iradlarını aradan qaldırmağa çalışırlar.
Bununla belə, layihənin büdcə prosesinin tələblərinə uyğunlaşdırılmasının mümkün olub-olmayacağı hələ də qeyri-müəyyən olaraq qalır.
Əgər Senat mütəxəssisləri maliyyələşdirmənin digər komitələrin səlahiyyətinə aid olduğu qənaətinə yenidən gəlsələr, vəsait ayrılması ilə bağlı müddəa qanun layihəsindən tamamilə çıxarıla bilər.
Tramp ilkin mərhələdə tikinti xərcini 400 milyon dollar qiymətləndirmiş və dövlət vəsaitlərindən istifadə olunmayacağını vurğulamışdı.
Hazırda büdcədən 1 milyard dollar ayrılması ilə bağlı müzakirələr siyasi mübahisələri daha da kəskinləşdirib və Trampın ikinci prezidentlik dövrünün ən iddialı arxitektura layihələrindən birinin həyata keçirilməsini sual altına qoyub.
Sevinc Əliyeva
Ordu.az