Fransa Hindistanda MICA raketlərinin istehsal və texniki xidmət mərkəzini quracaq

2026/05/photo-1778947022.jpg
Oxunub: 474     19:52     16 May 2026    
Fransanın müdafiə şirkəti MBDA Hindistan Hərbi Hava Qüvvələri ilə ölkədə MICA “hava-hava” raketləri üçün istehsal, texniki xidmət və modernləşdirmə mərkəzinin yaradılmasına dair razılaşma imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Yeni razılaşmaya əsasən, Hindistan inventarındakı “Dassault Rafale” döyüş təyyarələri ilə modernləşdirilmiş “Mirage 2000” platformalarında istifadə olunan MICA raketlərinin texniki baxımı, təmiri və orta səviyyəli modernləşdirilməsi üçün yerli imkan yaradılacaq.

MBDA tərəfindən verilən açıqlamada bildirilir ki, yaradılacaq mərkəz raket ehtiyatlarının yenidən xidmətə qaytarılma müddətini azaldacaq və hava qüvvələrinin əməliyyat hazırlıq səviyyəsini ciddi şəkildə artıracaq.

Fransız tərəfinin zəruri avadanlıqları, texniki sənədləri və personal təlim dəstəyini təmin edəcəyi qeyd olunub.

Qərarın arxasında “Sindoor” əməliyyatı dayanır

Texniki xidmət müəssisəsinin yaradılması qərarının Hindistanın uzaqmənzilli “hava-hava” silahlarından və hava hücumundan müdafiə sistemlərindən intensiv istifadə etdiyi “Sindoor” əməliyyatından sonra qəbul edildiyi bildirilir.

Hindistan mediasına görə, sözügedən əməliyyat son illərdə regionda həyata keçirilən ən böyük hava əməliyyatlarından biri olub. Əməliyyatda yüksək dəqiqlikli sursatlar, pilotsuz uçuş aparatları və şəbəkə dəstəkli komanda-idarəetmə sistemlərinin geniş istifadə olunduğu qeyd edilib.

Hindistanın MICA raketlərini ilk dəfə 2000-ci illərin əvvəlində “Mirage 2000” döyüş təyyarələrinin modernləşdirilməsi prosesi ilə birlikdə təhvil almağa başladığı xatırladılıb.

1999-cu il Kargil müharibəsindən sonra ölkənin hava donanmasında genişmiqyaslı modernləşdirmə proqramının başladığı, bu çərçivədə MBDA-dan infraqırmızı axtarış başlıqlı MICA IR və aktiv radar idarəetməsinə malik MICA RF variantlarının tələb olunduğu bildirilib.

“Rafale” parkı ilə yeni təhvil prosesi başlayıb

Tərəflər 2011-ci ildə 50 ədəd “Mirage 2000” döyüş təyyarəsinin “Mirage 2000”I/TI standartına yüksəldilməsi üçün müqavilə imzalamışdı. Bu modernizasiya paketinə yenilənmiş MICA raket versiyalarının inteqrasiyası da daxil edilmişdi.

2016-cı ildə Hindistanın 36 ədəd “Dassault Rafale” döyüş təyyarəsi almasının ardından yeni təhvil prosesi başlayıb. İlk “Rafale” təyyarələrinin 2020-ci ildə Hindistana çatması ilə ölkə yaxın məsafəli hava döyüşü üçün hazırlanmış ən qabaqcıl MICA variantlarını da inventarına daxil edib.

Hindistanda yaradılacaq servis mərkəzinin ölkənin birbaşa xarici asılılığı azaltmaq və yerli müdafiə sənayesi infrastrukturunu inkişaf etdirmək strategiyasının bir hissəsi olduğu qiymətləndirilir.

Digər tərəfdən, Fransanın Hava və Kosmik Qüvvələrinin yaxın vaxtlarda “Rafale” döyüş təyyarələri üçün hazırlanmış yeni nəsil MICA NG raketinin uğurlu sınaq atışlarını həyata keçirdiyi də xatırladılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   MICA  


Bizi "telegram"da izləyin