Ordu.az xəbər verir ki, bu barədə “National Public Radio” məlumat yayıb.
Məlumata görə, Tramp ABŞ şirkətləri və fermerləri ilə bağlanmış biznes razılaşmalarını yüksək qiymətləndirib. Çin lideri Si Cinpin isə Çin-ABŞ münasibətlərində yeni sabitlik dövrünün başlandığını bəyan edib.
Si Cinpinlə Çjunnanhayda nahar etdikdən sonra Tramp ABŞ-yə yollanıb. Bildirilir ki, bu, Pekində yerləşən və Çin rəsmilərinin yaşayıb işlədiyi kompleksə nadir səfərlərdən biri olub.
“Düşünürəm ki, bu səfər çox faydalı oldu. Hər iki ölkə üçün sərfəli olan fantastik ticarət razılaşmaları əldə etdik”, - deyə Tramp Si Cinpinin yanında, dəbdəbəli qobelenlərin fonunda bildirib.
Tramp səfəri boyunca Çin liderini tərifləyib və onun haqqında ən isti ifadələr işlədib. O, Si Cinpinə ən klassik təriflərindən birini ünvanlayaraq onu “baş rol aktyoru” adlandırıb.
“Əgər Hollivuda gedib Çin lideri roluna aktyor axtarsaydınız, onun kimisini tapa bilməzdiniz”, - deyə Tramp “Fox News”a müsahibəsində bildirib.
ABŞ Prezidenti əlavə edib ki, Si Cinpin xarici görünüşü ilə seçilir və olduqca hündürboyludur.
Sevinc Əliyeva
Ordu.az